İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə edilən gəliri bölüşəcəklər.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) çərşənbə günü bildirib.
"Hörmüz boğazı İrana və qarşımızda yerləşən Omana məxsusdur. Təxminən bir ay danışıqlar apardıq və hər iki tərəf üçün məqbul nəticələr əldə etdik", - deyə Tasnim xəbər agentliyi İİKK sözçüsünə istinadən bildirib.
Bəyanatda deyilir: "Bu danışıqlar zamanı hər bir ölkənin boğaz sularındakı payı və İran və Omanın gəlir payı ilə bağlı razılaşmalar əldə edilib".
İİKK ABŞ-ı "bu prosesi maneə törətməkdə" və gecikdirməkdə günahlandıraraq qeyd edib ki, Vaşinqton Tehranın şərtlərini qəbul etməsə, boğaz "heç bir halda açılmayacaq".
Bir gün əvvəl İran və Oman xarici işlər nazirləri Abbas Araqçi və Bədr əl-Busaidi Tehranda danışıqlar aparıblar. Çərşənbə axşamı İran tərəflərin boğazdan keçmək üçün müvəqqəti marşrut barədə razılığa gəldiyini açıqlayıb. Tehranın sözlərinə görə, bu, ABŞ-ın təşəbbüsü ilə Oman sahili yaxınlığında yaradılan başqa bir marşrutu əvəz etmək üçün nəzərdə tutulub.
Avqust ayında ABŞ prezidenti Donald Tramp, ölkə İranla Hörmüz boğazına nəzarətlə bağlı danışıqları davam etdirəcəyi təqdirdə Omana zərbə endirəcəyi barədə xəbərdarlıq edib.
Çərşənbə axşamı Tramp TruthSocial sosial media platformasında yazıb ki, ABŞ Hərbi Dəniz Qüvvələri ona boğazdakı bütün minaların təmizləndiyini bildirib. Daha əvvəl, 18 avqustda prezident artıq Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini və gəmiçilik üçün açıq olduğunu bildirmişdi. İran tərəfi bu iddiaları təkzib edib.
SAMİRƏ