Firdovsi Şahbazov: “Əməkdaşlıq formatı ölkələr arasında vahid bazarın formalaşmasına, kapitalın sərbəst dövr etməsinə və...”
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, əməkdaşlığın coğrafiyası genişlənib:
“Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, – yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, – əməkdaşlığın coğrafiyası genişlənib”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında vahid iqtisadi məkan formalaşmaqdadır: “Son illər bu yöndə proseslərin daha sürətlə inkişafı özünü göstərməkdədir. Söhbət burada təkcə Azərbaycanla region ölkələri arasında ticarət dövriyyəsinin artmasından getmir. Söhbət qarşılıqlı investisiyalardan, birgə layihələrdən və bunun iqtisadi səmərəliliyinin artırılmasından gedir. İqtisadiyyatın tələb etdiyi sahələrə sərmayəlrin cəlb edilməsi, yeni istehsalat və xidmət sahələrinin yaradılması ümumi iqtisadi inkişafa xidmət edir. Məsələ olndadır ki, Mərkəzi Asiya ölkələri yalnız Çin və Rusiyanın iqtisadi təsir dairəsində qalmaq, bu ölkələrdən asılı olmaq istəmir. Onlar maraqlıdılar ki, regiona digər mərkəzlər daha çox maraq göstərsin. Söhbət Avropa İttifaqı və ABŞ-la iqtisadi əlaqələrin genişlənməsindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın gücləndirilməsindən gedir. Bu baxımdan Azərbaycan Mərkəzi Asiya üçün bir açar dövləti rolunda çıxış edir. Rusiya və Çindən asılılığı müəyyən qədər azaldır. Başqa bir tərəfdən, qurulan yeni iqtisadi əlaqələr region dövlətlərində qeyri-neft sektorunun inkişafına, məşğulluğun artmasına öz töhfəsini verir. Əməkdaşlıq formatı ölkələr arasında vahid bazarın formalaşmasına, kapitalın sərbəst dövr etməsinə, iqtisadi dəyər yaradan sahələrin inkişafına stimul verir”.
Vidadi ORDAHALLI