İranın hərbi sözçüsü Qətəri ABŞ-la müharibə zamanı itkin düşən üç iranlı pilotun taleyi ilə bağlı aydın və sənədləşdirilmiş cavab verməyə çağırıb.
Ordu sözçüsü briqada generalı Məhəmməd Əkrəmyanın Mehr xəbər agentliyinə bildirib ki, sözügedən pilotlar Qətərdəki Amerika bazasına qarşı əməliyyatda iştirak edən İran Hərbi Hava Qüvvələrinə məxsus iki Su-27 qırıcı təyyarəsi olub.
Onun sözlərinə görə, tapşırığı yerinə yetirdikdən sonra təyyarələr geri uçuş zamanı düşmən hava patrullarının hücumuna məruz qalıb və vurulub. Ölən pilotlardan biri olan Məcid Kazeminin cəsədi daha sonra İrana qaytarılaraq Şirazda dəfn edilib.
Əkrəmyan qeyd edib ki, iki təyyarənin hər birində iki pilot olub, ona görə də digər üç hərbçinin taleyi hələ də məlum deyil.
Onun sözlərinə görə, İran tərəfi dəfələrlə Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası və Silahlı Qüvvələrin Qərargahı vasitəsilə, eləcə də birbaşa Qətər ordusu və hökuməti ilə əlaqə saxlayıb. Lakin Doha itkin düşmüş pilotlar barədə heç bir məlumata malik olmadığını iddia ediblər.
İran hərbi sözçüsü Qətər hakimiyyətini bu məsələyə daha ciddi yanaşmağa və axtarışları gücləndirməyə çağırıb. O bildirib ki, əgər Qətər həqiqətən pilotların başına nə gəldiyini bilmirsə, ölkə daha məsuliyyətli davranmalı və İrana onların taleyi barədə sənədləşdirilmiş məlumatlar təqdim etməlidir.
Tahir TAĞIYEV