Rəşad Bayramov: “Bu, referendum üçün lazım olan siyasi mühiti formalaşdırmaq baxımından Paşinyanın əlini gücləndirə bilər”
Məlum olduğu kimi, Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı cinayət işi çərçivəsində keçmiş prezident Serj Sarkisyana da ittiham irəli sürülüb. Serj Sarkisyan vəzifəli şəxsin hakimiyyət və ya qulluq səlahiyyətlərindən sui-istifadə etmə, səlahiyyət həddini aşmada ittiham olunur.
Bundan əvvəl Baş Prokurorluq Robert Köçəryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə cinayət təqibinə başladığını açıqlayıb. Daha doqquz şəxs barəsində də cinayət təqibi başlayıb.
Maraqlıdır, bütün bunlar nəticə etibarı ilə Ermənistanda Konstitusiya ilə bağlı referendumun keçirilməsinə, İrəvanla Bakı arasında sülh sazişinin imzalanmasınının tezləşdirilməsinə necə təsir göstərəcək və yaxud da göstərə bilər?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov baki-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Ermənistanda Robert Köçəryan və Serj Sarkisyan kimi keçmiş prezidentlərə qarşı cinayət təqibinin genişləndirilməsi ölkənin daxili siyasi mübarizəsində yeni mərhələnin göstəricisi kimi qiymətləndirilə bilər. Formal olaraq söhbət konkret vəzifə cinayətləri və səlahiyyətlərdən sui-istifadə ilə bağlı ittihamlardan gedir. Lakin prosesin siyasi nəticələri daha genişdir və Baş nazir Nikol Paşinyanın hakimiyyət modelinin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır. Burada xüsusilə Konstitusiya dəyişiklikləri ilə bağlı referendum məsələsini nəzərə almaq lazımdır. Ermənistan üçün konstitusiya islahatı təkcə hüquqi məsələ deyil. Bu, həm də ölkənin siyasi sisteminin gələcək istiqamətini müəyyənləşdirəcək strateji prosesdir. Paşinyanın parlamentdə konstitusion çoxluğu əldə edə bilməməsi onu iki əsas seçim qarşısında qoyurdu. Ya müxalifətlə siyasi bazarlığa getmək və müəyyən güzəştlər hesabına lazımi dəstəyi toplamaq, yaxud siyasi təzyiq və hüquqi mexanizmlər vasitəsilə müxalifətin müqavimət imkanlarını zəiflətmək. Mövcud proseslər ikinci istiqamətin daha çox önə çıxdığını göstərir”.
R. Bayramov onu da qeyd etdi ki, Köçəryan və Sarkisyan kimi Ermənistanın siyasi sistemində uzun illər mühüm rol oynamış fiqurlara qarşı cinayət işlərinin açılması parlamentdəki digər müxalif qüvvələr üçün də siyasi xəbərdarlıq funksiyası daşıya bilər: “Buradakı mesaj ondan ibarətdir ki, hakimiyyətin konstitusiya islahatları və digər strateji təşəbbüsləri qarşısında sərt müqavimət göstərən siyasi qüvvələr üçün hüquqi və siyasi təzyiq riski artır. Bu isə referendum üçün lazım olan siyasi mühiti formalaşdırmaq baxımından Paşinyanın əlini gücləndirə bilər. Digər tərəfdən, prosesin Rusiya-Ermənistan münasibətlərinə təsiri də nəzərə alınmalıdır. Köçəryan və Sarkisyan Ermənistanın Rusiyaya daha yaxın siyasi elitasının əsas simaları kimi qəbul olunurlar. Onlara qarşı təzyiqin güclənməsi həm də Paşinyanın Ermənistanın siyasi sistemində Rusiyanın ənənəvi təsir kanallarını zəiflətmək siyasətinin tərkib hissəsidir. Bu baxımdan konstitusiya islahatı ölkənin yalnız daxili idarəçilik modelini deyil, xarici siyasət vektorunu da müəyyən dərəcədə dəyişə bilər.
Azərbaycan-Ermənistan sülh prosesinə gəldikdə isə təbii ki, referendumun keçirilməsi və Ermənistan Konstitusiyasında Azərbaycan qarşı ərazi iddialarından imtina olunması sülh sazişinin imzalanmasını sürətləndirəcək. Paşinyan da hazırda daxili siyasi dayaqlarını möhkəmləndirmək və referendum məsələsində mövqeyini təmin etməyə çalışır. Başqa sözlə güclü siyasi nəzarət əldə edən Paşinyan müxalifətin müqavimət imkanlarını azaltdıqdan sonra Azərbaycanla sülh sazişinin imzalanmasına daha rahat gedə bilər. Bu səbəbdən Köçəryan və Sarkisyan ətrafında gedən prosesləri təkcə keçmiş hakimiyyətin cəzalandırılması kimi qəbul etmək düzgün olmazdı. Bu, Paşinyanın həm Ermənistanın siyasi sistemini yenidən formalaşdırmaq, həm konstitusiya islahatları, həm də xarici siyasətdə daha manevr imkanlı mövqe əldə etmək cəhdidir. Baş verənlərin sülh sazişinin imzalanmasına təsiri isə əsasən Paşinyanın daxili siyasi konsolidasiyanı nə qədər tez başa çatdırmasından asılı olacaq”.
Vidadi ORDAHALLI