Bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi başlanılmışdı.
Robert Köçəryan 1998–2008-ci illərdə prezidentliyi dövründə xidməti mövqeyindən istifadə edərək dövlət əmlakını uydurma əsaslarla mənimsəməkdə və bazar qiymətindən aşağı qiymətə obyektlər əldə etməkdə günahlandırılıb.
Ermənistanın Antikorrupsiya Komitəsi tərəfindən Köçəryan və oğlu Levon Köçəryanın evində, həmçinin onlarla digər ünvanda axtarışlar aparılıb
Robert Köçəryan və oğlu Sedrak Köçəryan saxlanılaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Ailə üzvlərinə məxsus daşınmaz əmlaklara həbs qoyulub, o cümlədən "Toyota" avtomobil salonu möhürlənib və "Orange Premium Fitness Club"da yoxlamalar aparılıb.
İstintaq çərçivəsində Ermənistanda və xaricdə Köçəryan ailəsinə məxsus otuzdan çox daşınmaz əmlak obyektinin əldə edilməsi araşdırılır.
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən aparılan cinayət araşdırmasının bir hissəsi olaraq, Ermənistan Respublikasının keçmiş prezidentinin əlbir olduğu şəxslərlə birgə vəzifəsindən sui-istifadə etdiyini və müxtəlif uydurma bəhanələrlə dövlət və iqtisadi əhəmiyyətli bir neçə qiymətli əmlakı dövlət mülkiyyətindən çıxararaq bazar dəyərindən xeyli aşağı qiymətə aldığını göstərən dəlillər əldə edilib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsi “İlkin istintaq zamanı əldə edilən məlumatlara görə, əmlakın həqiqi mülkiyyətini və cinayət mənşəyini gizlətmək üçün o, bir-biri ilə əlaqəli şirkətlərin adına qeydiyyata alınıb və sonradan əldə edilən əmlak inkişaf və satış, üçüncü tərəflərə özgəninkiləşdirmə və sahibkar şirkətlərin səhmlərinin, o cümlədən hədiyyə yolu ilə verilməsi yolu ilə satılıb. Beləliklə, 2002-ci ildə Play City əyləncə mərkəzinin tikildiyi Açaryan və Tsarav Ağbyur küçələrinə bitişik 8,3 hektar torpaq sahəsi 44.657.000 erməni dramı müqabilində əldə edilib. İki il sonra, 15 noyabr 2004-cü ildə əmlakın sahibi olan Fast Kart şirkətinin 50%-lik payı bağışlanıb və keçmiş prezidentin oğlunun adına qeydiyyata alınıb. Kaskad kompleksinin sol tərəfində yerləşən 2 hektar torpaq sahəsi 39.630.000 erməni dramı müqabilində əldə edilib. Daha sonra o, dövlət mülkiyyətində olan və Yerevanın daha əlverişli hissəsində yerləşən eyni ölçülü başqa bir torpaq sahəsi ilə dəyişdirilib. Daha sonra 1.741.931.000 drama satıldı. Yeraspasarcum QSC-nin balansında olan Paronyan küçəsi 8 ünvanındakı bina da 40 milyon drama alındı. Daha sonra, bazar dəyəri 331.800.000 drama olan yeni tikilmiş yaşayış binasındakı ümumi sahəsi 600 kvadratmetr olan ictimai yerlər və iki dayanacaq saxta alqı-satqı əməliyyatları vasitəsilə keçmiş prezidentin oğlunun adına qeydiyyata alındı”.
Bildirilir ki, Geğarkunik bölgəsində (Göyçə mahalı) yerləşən “Kaputak Sevan” kurort kompleksi 83.669.000 erməni dramı ilə alınıb və kompleksin sahibi olan Art Build şirkətinin 50%-lik payı 15 yanvar 2010-cu ildə saxta alqı-satqı əməliyyatı yolu ilə keçmiş prezidentin oğlunun adına qeydiyyatdan keçirilib.
Ermənistanın Baş prokuroru bildirib ki, Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb. Bildirək ki, daha doqquz nəfərə qarşı, o cümlədən Köçəryanın oğlu Sedrak, keçmiş müdafiə naziri S. S. (2000-2007-ci illərdə bu vəzifəni Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan tutub), keçmiş Baş nazir A. M. (Andranik Marqaryan 2000-2007-ci illərdə Ermənistanın Baş naziri olub), İrəvanın sabiq meri Q. B. (Qaqik Beqlaryan) və digərlərinə cinayət işi açılıb.
Yeni yayılan məlumata görə, Robert Köçəryanın ardınca Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparılıb.
Ermənistan mediasının xəbərinə görə, Sarkisyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinin qarşısında jurnalistlərə hələ ki heç nəyin ona məlum olmadığını bildirib.
Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan həm Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak ediblər, əlləri Azərbaycan xalqının qanına batıb, onlar həm də korrupsiya cinayətləri törədiblər. Bu gün R.Köçəryan korrupsiya ittihamı ilə saxlanılıb. Kaş ki, Ermənistanın aidiyyəti qurumlarının vicdanı oyana və bu canini Azərbaycan xalqının başına gətirdiyi faciələrə, Qarabağı işğal edib taladığına, sərvətlərimizi daşıyıb ciblərini doldurduğuna görə də ittiham edəydi. Bu daha ədalətli olardı.
İradə SARIYEVA