İran dövlət televiziyası ABŞ prezidenti Donald Trampın oğlu Barron Trampın başına 10 milyon dollarlıq mükafat qoyulduğunu açıqlayıb.
İran Radio və Televiziya Korporasiyasına (IRIB) bağlı Kanal3-də yayımlanan videoda Barronun yaşayışı və gündəlik həyatı ilə bağlı müxtəlif iddialar yer alırdı.
Videoda Barronun harada olduğu, təhsili, cangüdənləri və şəxsi maraqları haqqında məlumat verilir, eyni zamanda onu tapmaq istəyənlərə istiqamətlər təqdim olunur və sui-qəsd edənlərə 10 milyon dollar mükafat veriləcəyi bildirilir.
Məlumatın, “Trump Tower”in 58-ci mərtəbəsində Barron Trampla şəxsi görüş keçirdiyi iddia edilən bir qadın tərəfindən sızdırıldığı bildirilir. Xəbərdə həmçinin Barron Trampın Nyu-Yorkdakı “Trump Tower”dən Vaşinqtondakı bir təhsil müəssisəsinə təhlükəsizlik karvanı ilə getdiyi iddia edilib.
Ötən ay İran mediası ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın gündəlik həyatı ilə bağlı olduğu iddia edilən məlumatları və oğulları Barrona qarşı təhdidlərin yer aldığı videonu dərc edib. Tasnim Xəbər Agentliyinin paylaşımında Melaniya Trampın tez-tez ziyarət etdiyi yerlər və alış-veriş etdiyi iddia edilən mağazalar göstərilib.
Tahir TAĞIYEV