İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, İran müharibə vəziyyətindədir. O, Hörmüz boğazındakı vəziyyətin İranın milli təhlükəsizliyi məsələsinə çevrildiyini və giriş-çıxış yollarında köklü dəyişikliklərin edilməsinin zəruri olduğunu bildirib.
O bildirib ki, son 58 il ərzində gəmilər Oman sularından keçərək İrana ciddi ziyan vurub. Yeni müvəqqəti razılaşmaya əsasən, Fars körfəzinə giriş dəhlizi İran sularından, çıxış dəhlizi isə Omanın ərazi sularından keçəcək. Onun sözlərinə görə, dəhliz ümumi eni təxminən yeddi mil olan ikitərəfli magistral yol kimi fəaliyyət göstərəcək.
Qəribabadi marşrutun müvəqqəti olduğunu və İran və Omanın əvvəlki dənizçilik sazişini əvəz edəcək yeni daimi marşrut barədə 30-60 gün ərzində razılığa gəlməli olduğunu bildirib. Əldə edilən razılığa əsasən, hərbi gəmilərin keçidi qadağan ediləcək və tranzit yalnız kommersiya gəmilərinə icazə veriləcək.
O, Donald Trampın boğazın minalardan təmizləndiyi iddialarını təkzib edərək, su yolundakı minaların yerini İrandan başqa heç kimin bilmədiyini deyib. "Əgər bu iddia doğrudursa, niyə boğazdan bir dənə də olsun gəmi keçmir?".
Tahir TAĞIYEV