Dağ rayonu olan Lerikdə yüksək vəzifəyə, sanki dövləti, xalqı qarət etmək üçün gəlirlər. Odur ki, idarələrdə olan saxtakarlıq, əyrilik, sərvət toplamağa hərislik rayonu inkişafdan qoyub. İnsanların taleyi isə heç kimi düşündürmür.
Lerikdə məmur özbaşınalığı buranın təbiətini də ağlar günə qoyub. İndi rayonun dağ kəndlərində olan yamaclar, dərə kənarları, su hövzələri, mal-qaranın otlaq sahələrı, meşələr vəzifə başında oturanlar tərəfindən ayrı-ayrı adamlara paylanıb. Demək olar ki, indi qanunsuz şəkildə burada çəpərə salınmamış yer yoxdur. Ən dəhşətli hal odur ki, öz bol, şəffaf suyu ilə bir kəndə həyat bəxş edən bulaqlar belə çəpərlənib. Təbiətin qoynunda neçə-neçə cavan ağacı qırıb yerində “istirahət mərkəzi”, “pivəxana” açmaq isə adı hal alıb. Təbiətə qazanc məqsədilə baxanların hərisliyi son həddə çatıb. Haram var-dövlət onların gözlərini elə bağlayıb ki, gələcəklərini belə görmürlər. Axı, təbiət ona vurulan yaraların intiqamını bağışlamır. Təsir əks təsirə bərabər olduğu kimi, naqislik edənin son olaraq əməllərinin öz başında çatlaması var...
Rayonda Qılqılov, Hovil kəndləri öz könül açan mənzərələri ilə adamı heyran edir. Artıq dediyim bu ərazilərdə ayaq qoymağa belə yer qalmayıb. Burada adam var, 20 hektardan çox ərazini çəpərə salıb. Məmurların dəstəyi hesabına zəbt etdikləri meşələri, yamacları istədikləri kimi talayır, cavan ağacları kəsib yanacaq odun kimi qonşu kəndlərə qızıl qiymətinə satırlar.
Çoxu “sahib” çıxdığı bulağın gözünə daş basmaqla onlarla insanı susuz qoyur. Hektarlarla mal-qaranın otlaq sahələri çəpərə salındığı üçün həyası, abrı olan özünə bir inək saxlaya bilmir. Rayonda pulu, məmur tanışı olmayan üçün yaşamaq cəhənnəm əzabına bərabərdir. İndi Lerikin elə dağ kəndi var ki, məktəb direktoru təhsili “buraxıb”, ikitərəfli qazanmaq məqsədilə əlində balta hektarlarla çəpərlədiyi meşəni qırıb satmaqla məşğuldur. Hətta meşələri tutanlar narkotik bitkilər də yetişdirir. Bütün olanları səlahiyyət sahibləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bölgədəki əməkdaşları da yaxşı bilir. Amma nə fayda? İmkansız evini isitməkdən ötrü bir ulaq oduna görə cərimələnir, yüzlərlə cavan ağacın ömrünə son qoyana “gözün üstə qaşın var” deyilmir. Çünki belələrinin arxası hələlik möhkəmdir. Vətəninə bağlı, dövlət rəhbərinə sadiq olan əlsiz-imkansız adamlara isə öz-özünə soruşmaq qalır: bu ədalətsizliyin axırı olacaqmı?
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü