Bu gün pula ehtiyacı olanların əsas ümid yeri banklardan kredit götürməkdir. Kredit götürənlər arasında təqaüdçülərin də payı az deyil. 2022-ci ildə əhaliyə verilən qeyri-işlək kreditlərin (QİK) 15 faizini təqaüdçülər alıb. Kreditlərin böyük hissəsi, 48 faizi sabit gəlirli, dövlət sektorunda çalışan insanlara verilib.
25 faiz kredit isə özəl sahələrdə çalışanların payına düşüb. Ən kiçik, ümumi məbləğin 11 faizi isə depozit təminatı üçün ayrılıb. Məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci il üçün açıqladığı maliyyə sabitliyi hesabatındandır.
Hesabada o da qeyd edilir ki, 2022-ci ildə Azərbaycanda təqaüdçülərin banklara borcu 343 milyon manat artıb.
Qeyd edək ki, illər əvvəl banklar təqaüdçülərə kredit vermirdi. Bu da müəyyən narazılığa səbəb olurdu. Qanunvericiliyə edilən dəyişikikdən sonra artıq təqaüdçülərə də kredit verilir. Ancaq açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, təqaüdçülərin kredit borcu artıb. Maraqlıdır, bu sahədə yaşanan problem necə həll olunmalıdır ki, həm təqaüdçü əziyyət çəkməsin, həm də bank?
“Banklar qanunsuzluq edirlər, çünki vətəndaş krediti qaytara bilməyəndə vətəndaşın haqqı var ki, təqaüdünü başqa banka ötürsün”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, təqaüdçülərə verilən kreditlərdən bank narahat olmur. Çünki gecikmədə onların pensiyasından tuta bilirlər: “Təqaüdçülərə kredit verəndə gəlirin təsdiqini istəyirlər. Bir qayda olaraq bu proses Azərbaycanda bir neçə banka aiddir və bu, təqaüdçülərə problem yaradır. Banklar qanunsuzluq edirlər. Çünki vətəndaş krediti qaytara bilməyəndə vətəndaşın haqqı var ki, təqaüdünü başqa banka ötürsün. Azərbaycanda pensiyaçıların əksəriyyəti banklardan kredit alır. Pensiyaçıların olan-qalan pulunu da əlindən alırlar. Təqaüdçülərə pis zərbədir, bu qədər bank faizlərinin olması onlara pis təsir edir. Vətəndaşın kredit ödənişlərindən sonra əlində ən azı yaşayış minimumu qalmalıdır. Maliyyə bazarlarına nəzarət palatasının 2016 ci il qanununa görə, vətəndaşa kredit verilirsə, onun aylıq gəliri minimum yaşayış haqqının 3 qatından çox olmalıdır. İlk növbədə özünü təmin etməlidir, sonra kreditini ödəməlidir. Amma bizdə banklar buna riayət etmir. 200-300 manat təqaüd alan pensiyaçı necə kredit versin? Danılmaz faktdır ki, pensiyaçılar o krediti özləri üçün götürmürlər. Rəsmi işi olmayan şəxslərin xahişi ilə kredit imkanlarından yararlanırlar”.
Günel CƏLİLOVA