“Universitet və elmi tədqiqat institutları əlaqəli şəkildə fəaliyyət göstərmir”. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, vaxtı ilə bu təhsil müəssisələrinə tədqiqatlar üçün bəlli maliyyə ayrılırdı: "İndi universitetlərin strukturu elmi tədqiqat aparmağa imkan vermir. Onlar daha çox tələbə cəlb etməyə istiqamətlənib. Həmçinin ali təhsil müəssisələrində tədqiqatların maliyyələşdirilməsi mexanizmi yoxdur. Elə bir kombinasiya yaratmalıyıq ki, universitetlərin tədqiqat institutları ilə birgə əməkdaşlığı ilə elmi tədqiqatlar yaradılsın. Növbəti illərdə institutların inkişafının və universitetlərin elmi tədqiqatlarının genişlənəcəyini düşünürük. Beləliklə, layihə təqdim edən alimin əməkhaqqı artacaq, əks halda isə sabit qalacaq”.
Universitet və elmi tədqiqat institutları əlaqəli şəkildə necə fəaliyyət göstərməlidir?
“Xaricdə universitetlər həm tədqiqatdan, həm də təhsildən pul qazanırlar, ancaq ölkəmizdəki ali məktəblərin əsas gəlir yeri tələbələrin ödədiyi təhsil haqqıdır”
Təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda elm və təhsilin bir-birindən ayrı fəaliyyət göstərməsi islahatlar prosesini ləngidir: “Bu çox zərərli bir vəziyyətdir. Azərbaycanda, xüsusilə elmi tədqiqatların idarə olunması keçmiş SSRİ dövründən qalmış bir ənənədir. Ali təhsil müəssisələrində, demək olar ki, elmi tədqiqat laboratoriyaları və institutları yox dərəcəsindədir. Son illərdə yalnız UNEC-də bu istiqamətdə xeyli iş həyata keçirilib və müəyyən irəliləyişə nail olunub. Digər universitetlər isə yalnız tədrislə məşğuldurlar. Məhz bunun nəticəsidir ki, Azərbaycan universitetləri dünya universitetlərinin reytinq cədvəlində gözə dəymir. Nəzərə almaq lazımdır ki, universitetlərin reytinqinin müəyyənləşdirilməsi zamanı əsas göstəricilərdən biri nə dərəcədə tədqiqatyönümlü olmasıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, xaricdə universitetlər həm tədqiqatdan, həm də təhsildən pul qazanırlar: “Ancaq Azərbaycanda olan ali məktəblərin əsas gəlir yeri tələbələrin ödədiyi təhsil haqqıdır. Bu da, demək olar ki, müəllimlərin əməkhaqqına ödənilir. Amma xaricdə universitetlər həm tədqiqatdan, həm təhsildən pul qazanırlar, universitetlərin çox ciddi texnoparkları var, istehsalla birbaşa əlaqəlidirlər. Yəni universitetlərin ortaya qoyduğu elmi məhsul, innovasiyalar birbaşa istehsalata yönəlir. Məsələn, Amerika universitetlərinin dünya universitetlərinin reytinq cədvəlində ön sıralarda olmasının əsas səbəblərindən biri tədqiqatyönümlü olmasıdır. Çünki Amerika universitetləri həm tədqiqatla, həm də tədrislə məşğuldurlar. Tədris universitetin fəaliyyətinin bir hissəsidir”.
Ekspert hesab edir ki, regionlarımızda olan universitetlər və bir çox özəl universitetlərimiz bu tələblərə cavab vermir: maddi-texniki bazası yoxdur, qeyd olunan tələblərin yerinə yetirilməsi üçün resursları yoxdur: “Ümumiyyətlə, Azərbaycan dünyanın təhsil və elmtutumlu dövləti olmasını istəyirsə, idarəetmədə əsaslı dəyişikliklər edilməlidir”.
Günel CƏLİLOVA