Avropa İttifaqı Nazirlər Komitəsinin 1473-cü iclasında Laçın dəhlizi ətrafında vəziyyətə dair bəyanat qəbul olunub. Belə ki, 13 maddədən ibarət bəyanatın 5 maddəsində qərəzli yanaşma üstünlük təşkil edir.
Diqqəti çəkən məqam odur ki, bəyanatda yalnız Laçın yolundan bəhs edilir. Ağdam yolu barədə mövqe bildirilmir: “1. Aİ Laçın dəhlizi boyunca hərəkətə məhdudiyyətlərin davam etməsi və Qarabağ ermənilərini əhatə edən ciddi humanitar və təhlükəsizliklə bağlı nəticələri böyük narahatlıqla izləyir. 2. Laçın dəhlizilə hərəkət demək olar ki, 9 ay ərzində çətinləşib və iyunun 15-dən arada tibbi evakuasiyalar istisna olmaqla, dəhliz demək olar ki, tamamilə bağlanıb. Nəticədə dərman və zəruri malların qıtlığı yaranıb və ya artıq tükənib ki, bu da yerli əhali üçün ağır nəticələrə səbəb olur. 3. Aİ BQXK-nin bölgədəki fəaliyyətinin ciddi şəkildə çətinləşməsindən təəssüflənir və humanitar yüklərin daşınması da daxil olmaqla, onun tam və sürətli bərpasına çağırır. 4. Aİ Laçın dəhlizində hər iki istiqamətdə hərəkət azadlığını və təhlükəsizliyini təmin etmək və böhranın 2020-ci il noyabr üçtərəfli bəyanatına, AİHM-in 2022-ci il dekabr qərarına və Beynəlxalq Məhkəmənin 2023-cü ilin fevral qərarına uyğun olaraq daha da kəskinləşməməsini təmin etməklə bağlı 26 iyul çağırışını təkrarlayır. 5. Aİ əmindir ki, Laçın dəhlizi əvvəlki sazişlərə və Beynəlxalq Məhkəmənin qərarına uyğun olaraq açılmalıdır”.
“Belə qərəzli bəyanatlar və ondan doğan çağırışlar Avropa İttifaqına olan inamı sarsıdır”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən İdarəetmə Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, həqiqətən də Avropa İttifaqı Nazirlər Komitəsinin 1473-cü iclasında qəbul olunan bəyanatda Laçın yolu ilə bağlı qərəzli məqamlar öz əksini tapıb: “Bəyanatda iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı istəklər yer alsa da, digər tərəfdən qərəzli mövqe və birtərəfli çağırış öz əksini tapıb. Məsələni ancaq Laçın yolu üzərində kökləməyə çalışırlar. Halbuki, Ağdamdan Xankəndiyə məsafə daha yaxındır. Yolun uzunluğu 26 kilometrdir. Ermənilərin məqsədli şəkildə Ağdam yolundan imtina etmələri bizə bəllidir. O zaman Avroittifaq buna niyə ortaq olur? Axı Azərbaycanda bu qurumun vasitəçiliyindən gözləntiilər böyükdür. Görünən odur ki, Ermənistanda fəaliyyət göstərən Avroittifaqın monitorinq qurupu birtərəfli hesabat hazırlayıb. Bu, onu göstərir ki, monitorinqlər reallığa uyğun olmayıb. Həm də Avropa İttifaqı erməniləri Ağdam-Xankəndi yolundan istifadə etməyə yönəltməkdə qərarlı görünmür. Belə olmasaydı, 13 maddədən ibarət bəyanat bu qədər zəif olmazdı. Çünki bəyanat reallığa uyğun hazırlansaydı, o zaman biz fərqli mənzərənin şahidi olardıq. Bu da Ermənistanı məcbur edərdi ki, obyektivliyə uyğun mövqe sərgiləsin. Hesab edirəm ki, Avropa təsisatlarının ədalətsiz mövqe sərgiləməsində Fransanin bu və ya digər formada pozucu rolu olub. Çünki Fransanın bununla bağlı təsir imkanları var. Belə qərəzli bəyanatlar və ondan doğan çağırışlar Avropa İttifaqına olan inamı sarsıdır. Çünki bu dərəcədə erməni lobbisinin maraqlarına oynamaq nəticə etibari ilə regionda sülhə, sabitliyə xidmət etmir. Regionda qeyri-sabitliyin olması isə Avropanın strateji və o cümlədən enerji, nəqliyyat maraqlarını təhdid altında saxlayır. Ona görə də Avropa İttifaqı buna son qoymalıdır”.
Vidadi ORDAHALLI