“Mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan sentyabrın 5-də İrəvanın Şenqavit bölgəsində hakim Vətəndaş Sazişi(VS) partiyasının təşviqat kampaniyası zamanı jurnalistlərə müsahibəsində Qarabağın dağlıq hissəsini Azərbaycanın bir hissəsi kimi tanıyıb-tanımadığı sualına cavab verərkən deyib.
“Artsax”ı qondarma adı ilə tanıyıb-tanımadığı sualına Simonyan Azərbaycanın tərkibində deyərək cavab verib.
2021-ci ildə seçicilərə işğal olunmuş ərazilərin işğaldan azad ediləcəyini və “artsax”ın “öz müqəddəratını təyinetmə hüququ” məsələsini qaldıracağını vəd etsə də, Vətəndaş Sazişinin niyə Qarabağ məsələsində plankanı aşağı saldığını soruşduqda, Simonyan belə cavab verib: “Çünki danışıqlar gedir... Baş nazir tez-tez deyir ki, Bakı da gərginliyin azaldılmasına gətirib çıxaracaq və sülh müqaviləsinin imzalanmasına yaxınlaşdıracaq bəyanatlar verməlidir. Ermənistan da öz növbəsində oxşar bəyanatlarla çıxış edir”.
“Kim olmasından, hansı statusa malik olmasından asılı olmayaraq Ermənistan rəsmilərinə etibar etmək olmaz”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucov hesab edir ki, bu kimi açıqlamalara ciddi yanaşıb arxayınlaşmaq olmaz: “Düzdür, Simonyan sıradan bir siysi fiqur deyil və statusuna görə Ermənistanın 3-cü şəxsidir. Ancaq nə olsun? Simonyandan əvvəl baş nazir Nikol Paşinyan da bənzər açıqlamalarla çıxış edib. Ötən ilin oktyabrında Praqada keçiriilən dördtərəfli görüşdən sonra bəyan etdi ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Ancaq istər Paşinyan, istərsədə Simonyan bunu şifahi formada deyir. Hansısa sənədə imza atmaqla bunu təsdiqləmirlər. Eyni zamanda, bu istiqamətdə konkret əməli addımlar atmırlar. Erməni rəsmiləri həyasızcasına tez-tez deyirlər ki, Qarabağ məsələsi, guya Ermənistan üçün ərazi məsələsi olmayıb. Guya Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olmayıb. Ancaq hamımız bilirik ki, bütün bu deyilənlər cəfəngiyatdır. 1989-cu ilin dekabrında Ermənistanın o vaxtkı Ali Soveti keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib. O zaman sual olunur, bu ərazi iddiası deyil bəs nədir? Ermənistan üçün Qarabağ ərazi məsələsi deyilsə, o zaman nəyə görə hər il büdcədən separatçılar üçün 400 milyon dollara yaxın vəsait ayrılır? Bəli, o da bir həqiqətdir ki, Qarabağda separatçıların qorunmasında, vaxtilə separatizmin alovlanmasında Rusiyanın xidmətləri böyükdür. İndidə Rusiya ona görə Qarabağ məsələsinin həllinə imkan vermir ki, Azərbaycan və Ermənistanı öz təsir dairəsində saxlamağa çalışır. Bundan hər iki dövlətə qarşı bir təzyiq aləti kimi istifadə etsin. Ancaq o da var ki, Ermənistanda Qərbə yaxın olan qüvvələr hakimiyyətdə olsalar da Qarabağlı bağlı mənfur planlarından əl çəkmirlər. Belə olmasaydı Nikol Paşinyan Xankəndində 2019-cu ilin avqustunda “Qarabağ Ermənistandır” deməzdi. Ona görə də kim olmasından, hansı statusa malik olmasından asılı olmayaraq Ermənistan rəsmilərinə etibar etmək olmaz”.
Vidadi ORDAHALLI