Yaxın vaxtlara qədər Afrika Fransa üçün etibarlı resurs bazası sayılırdı. Ancaq bu gün “qara qitə” müstəmləkə olmağa qarşı üsyan edir və artıq resurs bazası olmaq istəmir. Bu hal, xüsusən də Fransa üçün ciddi problemlər yaradır.
Fransa prezidenti Emmanuel Makron tez-tez bəzi Afrika ölkələrinə səfər edir və burada həmişə Afrika ölkələri müstəqillik əldə etdikdən sonra Fransanın prezidenti olmasından danışır. O, dəfələrlə keçmiş Fransa müstəmləkələri ilə münasibətlərə yenidən baxacağına söz verib, lakin vədlərinin heç birinə əməl etməyib. Nəticədə son illərdə ayrı-ayrı ölkələrdə Fransaya qarşı münasibət daha da pisləşib. Koronavirus pandemiyasından sonra isə bu hal özünü daha qabarıq göstərib. Fransa özünün arxa bağçası olan Afrikaya ucuz resurslar və işçi qüvvəsi verməklə kömək etməyə tələsmirdi. Və nəticədə Afrikada yoxsulluq yeni səviyyəyə çatıb. Bu halda Fransaya etirazlar daha da artır. Makron Nigerlə nə edəcəyinə hələ qərar verməmiş Qabonda bu yaxınlarda baş vermiş çevriliş Fransanı çətin duruma salıb. Yeni hakimiyyət Makronun 6 ay əvvəl görüşdüyü və Fransada seçkiləri legitim kimi tanınan prezident Əli Bonqonu iqtidardan uzaqlaşdırıb. Xatırladaq ki, bu, artıq Fransanın keçmiş müstəmləkələrində son üç ildə səkkizinci hərbi çevrilişdir. Dövlət çevrilişi dalğası qismən Fransaya qarşı əhval-ruhiyyənin artması və Fransanın uzun müddətdir dəstəklədiyi rejimlərin korrupsiya və qeyri-demokratik üsullarından məyusluqla bağlıdır. Beləliklə, Fransanın Afrikada müttəfiqləri sıradan çıxır, lakin bu, hekayənin sonu deyil, çünki Rusiya və Çin Afrikanın resursları üzərində nəzarəti ələ keçirir. Bu da Fransa üçün ciddi problemdir. Makrona gəlincə, o, bir neçə həftədir ki, Nigerdə hakimiyyətin bərpası üçün uğursuz çağırışlar edir. O, Nigeriyaya təzyiq edir ki, bu ölkənin hakimiyyətini hərbi müdaxiləyə məcbur etsin, lakin hələ ki, məqsədinə nail olmayıb. Maraqlıdır ki, Makron Qabonda baş verənlərlə bağlı susur və analitiklər hesab edirlər ki, bu ölkədə vəziyyət Nigerdə baş verənlərdən çox fərqlidir. Hətta Avropa İttifaqının baş dipomatı Josep Borrell Niger prezidentinin xalq tərəfindən seçildiyini, Qabonda keçən həftəsonu seçkilərin açıq-aşkar saxtalaşdırıldığını söyləyir. Ola bilsin ki, bu Afrika ölkəsinin yeni hakimiyyət orqanları sonda Fransa ilə köhnə razılaşmalara sadiq qalacaqlar, lakin bu mövzuda heç kim konkret açıqlamalar vermir. Fransanın özündə də “qara qitə”nin cəzalandırılmasını tələb edən siyasətçilər var. Guya Afrika əsl sahibini unudub, amma politoloqlar çevrilişlərin davam edəcəyini istisna etmirlər. Növbədə hansı ölkənin olacağını heç kim bilmir, amma Fransanın həqiqətən də az sayda müttəfiqi qalıb. Və burada söhbət heç siyasətdən də getmir, çünki Afrika nəhəng resurs bazasıdır və onun itirilməsi Makron üçün kritik hala gələcək. Buradakı ölkələr fransızları ərazisindən qovmaqda israrlıdır. Hətta Niger ordusunun əlavə qüvvələri Niameydəki fransız hərbçilərinin bazasına göndərilib. Məlumata görə, Niger ordusunun döyüşçülərinə fransız qüvvələrini izləmək əmri verilib. Avqustda Nigerdə hakimiyyətə gələn üsyançılar Fransa ilə hərbi razılaşmaları pisləyib, fransız qüvvələrin ölkədən çıxarılmasını tələb ediblər. Fransa bu tələbi tanımayıb. Çünki Parisin yeganə qanuni tanıdığı Nigerin keçmiş hakimiyyət orqanları ilə ordunun yerləşdirilməsinə dair sazişlər bağlanmışdı. Yeni hakimiyyət bunu tanımır.
Burada xatıraladaq ki, ötən il Mali hökuməti Emmanuel Makrona rəsmi məktubla müraciət edərək müstəmləkəçilik siyasətinə son qoymağı və fransız hərbçilərin ölkədən çıxarılmasını tələb edib. Qeyd edək ki, 1960-cı illərdə bu ölkəyə sərmayə yatıran Fransa bundan sui-istifadə edir və oradakı şirkətlərin dəstəyi ilə istədiyi adamı hakimiyyətə gətirir, istədiyini isə hakimiyyətdən uzaqlaşdırır. Artıq Malidə bununla barışmaq istəmirlər. Hazırda Fransanın Cibuti, Kot-d’İvuar, Seneqal və Qabonda hərbi bazaları var. Bu bazalar hesabına Fransa prezidenti Afrikanın istənilən dövlətinə təsir göstərə bilir. Yeganə məqsəd isə Afrika qitəsindəki dövlətlərin zəngin təbii sərvətlərini mənimsəməkdir. Lakin Afrika artıq bunu qəbul etmir. Emmanuel Makronun yarıtmaz daxili və xarici siyasəti öz nəticəsini verməkdədir. Uzun müddətdir ölkə daxilində yaşanan etirazlar indi sürətlə Fransanın vaxtilə müstəmləkəsi olan ərazilərə yayılır. İfrat dərəcədə sərt siyasət, pozulan hüquqlar, müstəmləkəçi yanaşma etirazların dalğasını genişləndirib. Bu baxımdan, əminliklə demək olar ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə bu ölkənin uzun illərdir apardığı müstəmləkəçilik siyasətinə qarşı çıxışlar öz bəhrəsini verməkdədir. Məhz Bakıda ilk dəfə olaraq Parisin müstəmləkə və irqi ayrıseçkilik siyasəti sərt tənqidlərə tuş gəlib - Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılıq əldə olunub. Qeyd edilənlər fonunda Fransanın Cənubi Qafqaza pərçimlənmək, bu ərazini təsir dairəsinə salmaq istəyi də özünü qabarıq göstərir. Amma bu mümkün deyil. Çünki Afrikadan qovulan Fransanın regiona yerləşməsinə Azərbaycan razı deyil və buna imkan da verməyəcək.
Nahid SALAYEV