Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan avqustun 22-də İrəvanda belçikalı həmkarı Hadija Labib ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, onlar müzakirə platformaları arasında fərq qoymur.
Onun sözlərinə görə, İrəvan istənilən qərəzsiz, neytral və obyektiv vasitəçilikdə maraqlıdır: “Əldə olunan razılaşmaların tətbiqi bizim üçün vacibdir. Təəssüf ki, bəzən əldə olunan razılaşmalar həyata keçmir”.
Prosesin uzanması vasitəçinin kim olmasından daha çox Ermənistanın öz konstruktivliyindən asılı deyilmi?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda Ermənistan çox pis vəziyyətdədir: “Onlar hətta proseslərdə Madaqaskarı, Yeni Kalidoniyanı da vasitəçi kimi qəbul etməyə hazırdır. O istəyir ki, hamını bu işə salsın və məsələ uzansın, ermənilər vaxt udsun. İndiki erməni klanı Moskvaya etibar etmir. BMT - də Moskvanın ortaya qoyduğu mövqe Rusiya ilə Ermənistanı bir az da bir - birindən uzaqlaşdırdı. Ən azı Ermənistanda revanş duyğuları ilə yaşayanları buna aid etmək olar. Amma burda bir məsələ var ki, Ermənistanda Azərbaycana qarşı radikal mövqe məhz Rusiyaya bağlıdır. Hansı ermənilərdir? Qarabağ erməniləri, Azərbaycana qarşı vaxtilə cinayət törətmiş ermənilərdir. Onların da hamısının başında Sarkisyan, Köçəryan, Moskvaya bağlı olan Sarukyan durur. Burada belə bir siyasət oyunu gedir. Ona görə də, ermənilər bunu anlayırlar və çalışırlar ki, vasitəçiləri genişləndirsinlər. Əsasən də Qərb ölkələrinə yönəlik bunu edirlər. Ermənilər özlərini qurban, fədai, ədalətsizliyə məruz qalmış tərəf kimi göstərməyi çox yaxşı bacarırlar. Ermənistanın Laçın yolunda yük maşınlarını yığaraq humanitar fəlakət şousu ilə bərabər qeyri-qanuni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi, eləcə də bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməklə mülki əhalini kütləvi şəkildə silahlandırması onların təxribatlara hazırlaşdıqlarını açıq-aydın göstərir. Ermənistan rəhbərliyinin Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri son vaxtlar daha da artıb. Bu, həm siyasi, həm də hərbi sahədə özünü büruzə verir. Ermənistanın baş naziri Paşinyan hələ də ikiüzlü, riyakar siyasət yürütməkdə davam edir: "O, sözdə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını desə də, əməldə tam əks-mövqe nümayiş etdirir. Rəsmi İrəvan bundan sonra Ermənistanın danışıqlar masası arxasında daha ağır təzyiq altında olacağını artıq indidən bilir. Çünki Paşinyan hakimiyyəti Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyası planını reallaşdıra bilməyib. BMT-nin Təhlükəsizlik Şurası isə dolayısı ilə Ermənistanın Azərbaycanla anlaşmasının vacibliyinə yönəlik mesaj verib. Və belə vəziyyətdə rəsmi Bakının sülh prosesində Ermənistana öz şərtlərini daha sərt metodlarla qəbul etdirəcəyi şübhə doğurmur. Buna görə də, müxtəlif bəhanələrlə prosesi yubadır”.
Məhəmmədəli QƏRİBLİ