Ermənistan bir neçə gündür ciddi-cəhdlə Qafandakı hava limanının fəaliyyət göstərməsini və ora müntəzəm uçuşların həyata keçirilməsini təşkil etməyə çalışır.
Bir neçə gün öncə Ermənistan hökumət nümayəndələri Qafana səfərlərini birmühərrikli kiçik təyyarələrlə gerçəkləşdirdiklərini elan etdilər. Ermənistan uzun illərdir Qafan aeroportunu işlək etmək üçün çalışır. Hətta buna görə uçuş-enmə zolağı da qismən təmir edildi.
Məsələ burasındadır ki, beynəlxalq normalara görə, hava limanları ölkə sərhədlərindən ən azı 12 km daxildə yerləşməlidir. Qafan aeroportu isə Azərbaycanla sərhədin bir neçə yüz metrliyində yerləşir, hətta təyyarə havaya qalxarkən hər dəfə Azərbaycan hava məkanına girməyə məcbur olur. Maraqlıdır, heç bir iqtisadi səmərəsi olmayan, sosial mahiyyət daşımayan, həm də yalnız yüngül təyyarələri qəbul etmək gücündə olan aeroportun mütləq işlədilməsində İrəvanın məqsədi nədir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qafan aeroportunun işə salınması ilə əlaqədar qəbul olunmuş beynəlxalq normativlərin hansı dərəcədə pozulduğunu demək çətindir: “Amma Ermənistan adlı təcavüzkar dövlət hansı beynəlxalq qanun və ya normalara hörmətlə yanaşır ki? Aeroportun işlək vəziyyətə gətirilməsi məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, bu cür strateji əhəmiyyət daşıyan obyektlər həm də ikili məqsədlər üçün istifadə edilir – mülki və hərbi.
Əlbəttə ki, Ermənistanın Qafan ərazisində indiki halda elə bir iqtisadi önəm daşıyan subyektlərinin olmaması, əhali sıxlığının az olması, ümumiyyətlə regionun sosial, sənaye və ya aqrar təsərrüfatlarının inkişaf göstəricilərinə görə geridə qalması səbəbindən orada aeroport tikintisi və yaxud onun işlək vəziyyətə gətirilməsi onun heç də mülki önəm kəsb etməməsindən xəbər verir.
Bundan savayı, Ermənistan adlı dövlətin özünün iqtisadi cəhətdən zəif durumda olması, maliyyə resurslarının çatışmazlığı ucbatından onun bu bölgədə hansısa səmərəli iqtisadi planlar həyata keçirməyə çalışması da inandırıcı görünmür.
Digər tərəfdən baxanda, aeroportun hərbi məqsədlər naminə sərhədlərimizin lap yaxınlığında fəaliyyət göstərməsi də, məncə, hərbi-strateji baxımdan məqsədəuyğun sayıla bilməz. Demək olar ki, yüngül silahların belə hədəfinə çevrilə biləcəyi məsafədə bu cür əhəmiyyətli obyektin hərbi məqsədlərlə işə salınması ağlabatan görünmür.
Görünən budur ki, Ermənistan tərəfi hansısa digər hədəfləri - gələcəyi planlayan sırf siyasi məqsədli hədəfləri nəzərdə tutaraq belə addım atmağa çalışır. Burada əsas məqsədlərdən biri də təbliğati vasitələrlə Ermənistanın bu bölgəsinin ölkənin həyatında hansı dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini vurğulamaqdır ki, bu da daxili və xarici auditoriya üçün nəzərdə tutulmuş şoudan başqa bir şey deyil.
Nəzərdə tutulan sülh müqaviləsi imzalanarsa sərhədlərin hansı xəritə əsasında bölünəcəyi, Ermənistan ərazisindən zorla deportasiya edilmiş azərbaycanlıların öz ocaqlarına qaytarılması prosesi gerçəkləşdiriləcəyi təqdirdə, düşünürəm ki, Ermənistan tərəfi bu tipli hoqqabazlıqlarla da proseslərin qarşısını ala bilməyəcək.
Paşinyanın Qafana səfərindən öncə Şuşaya da səfəri baş tutmuşdu. Nəticəsi isə hər kəsə məlumdur”.
Məhəmmədəli QƏRİBLİ