Bəzi internet resurslarında, erməni mənbələrinə istinadən, Sergey Lavrovun “Qarabağın Azərbaycana inteqrasiyası” ilə bağlı təkliflərini əks etdirən hansısa planı geniş tirajlanır.
Bəzi politoloqlar bu planın bizim ictimai şüurumuza aşağıdakı tezisləri daxil etmək cəhdi olduğundan əmindir:
- “Qarabağ və onun nümayəndələri”nin danışıqlarda tərəf olması;
- əgər danışıqlarda tərəfdirsə, deməli, münaqişə tərəfidir;
- əgər danışıqlar aparılırsa, deməli bu, davam edən konfliktin həll edilməsi cəhdidir;
- əgər Rusiya danışıqların mövzusunu təklif edirsə, deməli bu, onun vasitəçi olması deməkdir
Bəzi şərhçilər hesab edir ku, erməni saytlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Qarabağ probleminin həlli” ilə bağlı 14 maddədən ibarət təkliflər planının mövcudluğu xəbərinin yayılması bizə qarşı psixoloji savaşın tərkib hissəsidir. Bu təkliflərin həqiqətən Lavrova məxsus olub-olmadığı haqqında məlumat yoxdur. Rusiya Xarici İşlər Nazirliyi belə bir planın varlığını təsdiq etməyib, ancaq təkzib də etməyib. Görünür, Rusiyadakı mərkəzlər erməni separatçıları ilə birgə “14 maddəlik təkliflər paketi” ilə nəbzimizi yoxlamaq istəyirlər.
Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə bildirdi ki, Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi və hüquqlarının təmin edilməsinin baza prinsipləri və parametrləri adlanan həmin sənədi antiböhran deyilən qondarma bir qurumun rəhbəri Tiqran Petrosyan dərc edib: “Həmin sənədi Rusiyaya etiraz məqsədilə dərc etdi və dedi ki, bu sənədi Lavrov Moskvada təqdim edib. Sənədin parametrləri barədə bir müddət əvvəl Lavrovun özü də açıqlama vermişdi. Qarabağ ermənilərinə verilə biləcək hüquqları sadalamışdı və onu da demişdi ki, əslinə qalsa, bu hüquqlar Kosovoda yaşayan serblərə aid prinsipləri özündə ehtiva edir. Azərbaycanda bu sənədin etirazla qarşılanmasını tam anlaya bilmədim. Təbiidir ki, sənəddə bizim üçün məqbul olmayan variantlar var. Bu, Qarabağda müstəqil olmaq istəyən ermənilərin bütün ümidlərini puç edən layihədir. Ermənilərin sıx yaşadığı yerdə lövhələrin həm də erməni dilində yaIlması, Erəmənistanla əlaqələr qurmaq, oradan yardım almaq, xaricdəki ermənilərlə əlaqə yaratmaq imkanını tanıyır. Təbiidir ki, biz həmin sənədi uctantutma qəbul edə bilmərik. Müzakirələr olmalıdır. Ermənistanda bu layihəni dəstəkləyən kiməsə rast gəlmədim. Mən istərdim ki, Avropa Birliyi və ABŞ da konkret mövqe ortaya qoysun. Açıq bəyan etsinlər ki, ermənilərə verilə biləcək hüquqlar bizim qanunvericiyimiz çərçivəsində olmalıdır. Şəxsən mən Rusiyanın belə mövqe tutacağına inanmırdım. Əvvəl Rusiya rəsmiləri, xüsusilə də Putin Azərbaycanın Qarabağ üzərindəki suverenliyini şübhə altında qayin mövqe sərgiləyirdi. Bu sənəddə də öz əksini tapan 14 bəndin hamısı birmənalı şəkildə qəbul edilməsə də, müzakirə olunması zəruri olan sənəddir. Sənədi Qarabağ ermənilərinin böyük narazılıqla qarşılaması onların müstəqillik ümidlərini tam puç etməsi ilə bağlıdır”.
Məhəmmədəli QƏRİBLİ