“İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin mühüm hissəsidir. Amma Ermənistan bu faktları gizlədir, inkar edir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tvitter) sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Ermənistan indiyədək I Qarabağ müharibəsi zamanı erməni əsir düşərgələrində 4000 azərbaycanlının işgəncələrə məruz qaldığı, qeyri-insani rəftara məruz qalaraq öldürüldüyü kütləvi məzarların geolokasiyasını təqdim etməkdən imtina edir.
Qeyd edək ki, Ermənistan toplu məzarlıqlarla bağlı bugünə kimi heç bir mövqe tutmayıb. Buna baxmayaraq, beynəlxalq ictimiayyət hələ də Ermənistana məlum mövzu ilə bağlı təzyiq göstərmir. Belə olan halda Ermənistan toplu məzarlıqların yerini gizlətməkdə davam edir.
Onu da bildirək ki, Azərbaycanın özünün ciddi cəhdləri nəticəsində məlum məzarlıqlar aşkar olunub. Bu günlərdə Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib. Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları aşkarlanıb.
“Aparıcı dünya dövlətləri iki ölkə arasında sülhun olmasında maraqlı deyil, bu səbəbdən də…”
Siyasi şərhçi Mətin Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistan Azərbaycanla danışıqlar prosesində bir sıra vacib məsələlərdə qeyri-konstruktiv mövqe nümayiş etdirir. Bu məsələlərdən biri də humanitar problemlərdir. Bura vaxtilə basdırılan minaların düzgün xəritələrinin verilməməsi və toplu məzarlıqlar daxildir.
M.Məmmədlinin sözlərinə görə, 4000-nə yaxın soydaşın taleyi hələ də naməlum olaraq qalır. Birinci Qarabağ müharibəsində onlar itkin düşüb: “Danılmaz faktdır ki, onlar Ermənistan hərbçiləri tərəfindən vəhşicəsinə öldürülərək basdırılıb. Ancaq bununla Ermənistan tərəfi Azərbaycana düzgün məlumat vermir. Ermənistan məlum hərəkəti ilə məsuliyyətdən yayınmağa çalışır. Çünki o insanların ağıq işgəncələrlə öldürülməsi, kütləvi şəkildə basdırılması ən ağır insani cinayət hesab olunur. Bu məsələdə beynəlxalq ictimaiyyət lazımi mövqe göstərməli idi. Beynəlxalq ictimaiyyət isə kütləvi məzarlıq və mina xəritəsinin verilməsi ilə bağlı Ermənistana lazımi təzyiq göstərmir. Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistanla bağlı məsələdə susqunluq nümayiş etdirir. Ancaq Qarabağda olmayan hər hansı bir məsələni humanitar böhran adı ilə bir sıra aparıcı dövlətlər və təşkilatlar gündəmə gətirir. Dünya ictimaiyyəti 4000 naməlum insanın taleyini görməzdən gəlir. Bir sözlə, aparıcı dünya dövlətləri iki ölkə arasında sülhun olmasında maraqlı deyil. Bu səbəbdən də onların mövqeyi və reaksiyası sıfır səviyyəsindədir”.
Günel CƏLİLOVA