Şeyximizin yazdığı kimi, erməni katolikosu razılaşma şərtlərini pozubsa, Dünya Kilsələr Şurası niyə susdu...

Qasım Hacıyev: “...onun gerçək dini lider olmadığını göstərir”

img

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə erməni katolikosu II Qareginin Xankəndiyə səfər etməsini və bu zaman onun tərəfindən revanşist bəyanatların səsləndirilməsini qınayan bəyanat verib.

 

A.Paşazadə öz bəyanatında bildirib: “30 ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğalda saxladığı, BMT qətnamələrinin tələblərini yerinə yetirmədiyi zamanda biz həmişə münaqişənin sülh yolu ilə həllinə, müxtəlif səviyyələrdə, o cümlədən, dini müstəvidə danışıqlar prosesinə tərəfdar olduq, din adından nifrətə çağırışlar, qızışdırıcı bəyanatlar səsləndirmədik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin Ümumdünya Kilsələr Şurasının, Gürcü Pravoslav Kilsəsinin, Vatikanın, ələlxüsus Rus Pravoslav Kilsəsinin ali vasitəçiliyilə baş tutmuş Möntre, Rostov, Moskva, Tbilisi, Yerevan, Bakı görüşləri sayəsində dini müstəviyə keçməsinə yol vermədik.

Lakin, çox təəssüf ki, münaqişənin sülh yolu ilə ədalətli həlli ilə bağlı səylər erməni kilsəsi tərəfindən əməldə dəstəklənmədi. İllərlə davam edən dinlərarası dialoqumuz dövründə sülhə nail olmaq naminə birgə bəyan etdiyimiz və hazırkı erməni dini liderlərinin də imzaladığı bəyannamələrin ruhuna zidd olaraq erməni Apostol Kilsəsi öz xalqına nicat verəcək sülh ideyalarını təşviq etmədi, barışığa, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmədi. Əksinə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandırdı”.

Erməni kilsəsi, konkret olaraq II Qaregin sülh ideyalarının təşviqi ilə bağlı vaxtilə qəbul edilən və onun da imzaladığı bəyannamələrin şərtlərini pozub. Bu pozuntulara yol verdiyi və bəyannamələrə laqeyd yanaşdığı üçün nəyə görə indiyə qədər Kilsələr Şurası erməni katolikosunu cəzalandırmayıb?

  • “Erməni kilsəsi və katolikosunun pozucu əməllərinə Ümumdünya Kilsələr Şurası münasibət bildirməlidir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, 30 ilə yaxın bir müddət ərzində  Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə tənzimlənməsi, həll edilməsi üçün bütün gərəyi olan addımları atdı. XX əsrin əvvəllərindən bizim torpaqlara gəlmə olan haylar tərəfindən yaradılan Qarabağ münaqişəsinin XXI əsrin ilk 20 ilinə qədər davam etdiyini deyən Q.Hacıyevin sözlərinə görə, erməni kilsəsinin dəstəyi və planı ilə Qarabağın Ermənistana birləşdirilməsi üçün saysız təbliğat aparılıb, amma bu təbliğatların kökündə xaricdəki erməni diaspor təşkilatları, erməni lobbisi dayanıb ki, onlar bu işdə Ermənistanın özündən çox fəaliyyət göstəriblər: “Azərbaycana qarşı əsassız ərazi iddialarının davamlı xarakter daşımasında və keçən ilə qədər mövcud olan münaqişənin alovlanmasında, heç cür sönmək bilməməsində əsas rolu xaricdəki erməni diaspor-lobbi təşkilatları və erməni Qriqoryan kilsəsi oynayıb. Ermənilər din məsələsində də saxtakarlıq edirlər. Erməni kilsəsi apostol kilsəsi deyil, Qriqoryan kilsəsidir, amma saxtakarlıq edərək Qriqoryan kilsəsini apostol kilsəsi elan ediblər, bunu da bütün xristian dünyası bildiyi halda, susur. Bilirsiniz ki, erməni dövləti olmamışdan əvvəl də ermənilər Qriqoryan kilsəsinin rəhbərliyi altında revanşist, separatçı, terror hərəkətləri törədiblər, kilsə erməni terror təşkilatlarına göstərişlər verib və köçürülərək yaşadıqları ölkələrin ərazilərinə qarşı iddialar qaldırmalarına sövq edib. Başqa xristian təriqətlərindən fərqli olaraq, erməni Qriqoryan kilsəsi heç zaman xalqlar arasında dostluğu, qardaşlığı, sülhü, mərhəməti, humanizmi təbliğ etməyib. Erməni kilsəsi qonşu ölkələrlə münasibətlərin inkişafı yolunda heç bir addım atmayıb, həmişə separatizmə, revanşizmə, araqarışdırmaya, hətta təhdidlərə rəvac verib, bütün erməni ideoloqlarının çürük, qeyri-humanist, terrorçu ideyalarını dəstəkləyib”.

Birinci Qarabağ müharibəsi dövründə döyüş bölgəsinə gələn və döyüşən erməni əsgər və zabitlərinə “ilham verən”, onlarla bərabər bizə qarşı döyüşən erməni keşişləri o zaman Qarabağın və 7 ətraf rayonun işğalında iştirak ediblər. “İkinci Qarabağ müharibəsi ərəfəsində erməni Qriqoryan kilsəsinin təkidi və dəstəyilə Ermənistan tərəfindən yeni ərazi iddiaları, təhdidləri səsləndirilirdi”.

Q.Hacıyev onu da qeyd etdi ki, erməni Qriqoryan kilsəsinin rəhbəri revanşizmə “xeyir-dua” verib və onlardan “siz təhdidləri və revanşizmi davam etdirməlisiniz” tələb edib.

Qriqoryan kilsəsinin hələ də münaqişənin sönməsi ilə razılaşmadığını deyən Q.Hacıyev hesab edir ki, bu isə bir din xadiminə yaraşmayan hərəkətdir. Müharibə dövründə və müharibədən sonra isə erməni Qriqoryan kilsəsinin rəhbərinin göstərişi ilə kilsənin yetirmələri olan ayrı-ayrı təşkilatların rəhbərləri keşiş paltarında Qarabağa gəliblər, müharibə vaxtı silaha sarılıblar, müharibədən sonra isə təxribatlarını davam etdiriblər. Terrorun, separatizmin, revanşizmin əsas dayağının erməni kilsəsi olduğunu deyən Q.Hacıyevin bildirdiyinə görə, bu, erməni Qriqoryan kilsəsinin səviyyəsini, mahiyyətini və niyyətini göstərir: “Erməni Qriqoryan kilsəsi heç bir zaman sülhün tərəfdarı olmayıb. Biz və dünya münaqişə dövründə erməni kilsəsinin hər hansı bir müsbət addımının şahidi olmadıq. Hətta bilirsiniz ki, başqa ölkələrin dini liderləri, Rusiyanın, Gürcüstanın dini rəhbərləri də münaqişənin sülh yolu ilə həllinə dair bəyanatlar səsləndirdilər, amma II Qaregin sözdə və əməldə sülhün adını belə çəkmədi. Ola bilsin, erməni katolikosu dini liderlərlə görüşlərdə erməni hiyləgərliyini işə salıb, hansısa boş vədlər səsləndirib, amma heç birinə əməl etməyib. Erməni Qriqoryan kilsəsi bu günə qədər sülhlə bağlı qarşısında duran vəzifələrin heç birini yerinə yetirməyib. İndiki vəziyyətdə isə II Qareginin açıq-aşkar şəkildə Qarabağa qanunsuz səfər etməsi revanşizmə, separatizmə dəstək göstərdiyinin nümunəsidir. Erməni Qriqoryan kilsəsinin sülh naminə imzalanan bəyannamələrin şərtlərini pozması onun gerçək dini lider olmadığını göstərir. Hesab edirəm ki, şeyxin bəyanatında açıqlanan erməni kilsəsi və katolikosunun pozucu əməllərinə Ümumdünya Kilsələr Şurası münasibət bildirməlidir. Mənə elə gəlir ki, QMİ və ölkəmizdəki dini konfessiyalar bu barədə şuraya rəsmi müraciət ünvanlamalıdırlar. Bir tərəfdən dini liderlərlə birgə sülhə çağırış bəyannamələri imzalayır, o biri tərəfdən bu bəyannamələrin şərtlərini pozub revanşizmə, separatizmə rəvac verir, bu isə kilsə rəhbərinə yaraşmayan bir davranışdır. Görürsünüz, Qarabağa gələr-gəlməz, Kəlbəcərdə mina terroru baş verdi, iki jurnalistimiz minaya düşüb şəhid oldu. Fikrimcə, II Qareginin səfərinin ardınca separatçılar şübhəsiz ki, hansısa təxribatlar hazırlayacaqlar. Bunun isə qarşısını özümüz almalıyıq, sülhməramlılar heç zaman onların qarşısını almayacaq, əksinə, şərait yaradacaqlar. Necə ki, həm özlərinin, həm də Ermənistanın mənafeyinə uyğun olaraq qanunsuz səfərlərə şərait yaradırlar”.

İradə SARIYEVA

Son xəbərlər