Ermənistanda dərin diplomatiya böhranı - XİN-də "bir adam" qalmadı…

Sahil İsgəndərov: “…diplomatiyanın tam tənəzzülə uğradığını sübut edir”

img

Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa ərizəsi təqdim edib. Bu barədə nazirliyin mətbuat xidməti bildirib. Açıqlamaya görə, ərizələr ötən həftə müvafiq şəkildə baş nazir dəftərxanasına ötürülüb. Xatırladaq ki, xarici işlər naziri Ara Ayvazyan, həmçinin müavini Qagik Ğalaçyan və nazirlik sözçüsü Anna Nağdalyan mayın 27-də istefa verib. Ermənistan üçün çox həlledici məqamda  diplomatiyanın faktiki olaraq başsız qalması həmin ölkədəki dərin diplomatik böhranın təzahürü sayıla bilərmi?

 

Politoloq Sahil İsgəndərov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan hakimiyyəti və xüsusilə də diplomatiyasında baş verən hadisə bir daha gözəl kəlamın yerində səsləndiyini isbatlayır: “Deyillər ki, qələbənin sahibi çox olur, amma məğlubiyyət hər zaman yetimdir. Çünki ona kimsə sahib olmaq istəmir. Bütün bu istefalar Ermənistan cəmiyyətində qarşıdurmanın olduğundan xəbər verir. Paşinyan özü də ətrafındakı adamları məğlubiyyətdə günahlandırıb. O, eyni zamanda, Ermənistan diplomatiyasını fəaliyyətsizlikdə ittiham edib. Ara Ayvaziyan nə tanınmış, nə də sanballı fiqur idi. Bu bir daha göstərir ki, siyasətlə təsadüfi adamların məşğul olması və hətta onların hakimiyyətə gələ bilməsi belə nəticələrə səbəb olur. Ermənistan diplomatik korpusunun belə həlledici seçki məqamında Paşinyanı meydanda tək qoymasının başqa səbəbləri də var. Əminliklə demək olar ki, onlar müxalif qüvvələrlə danışıqlara gedib, özlərini sığortalamaq istəyirlər. Yəni batan gəmini tərk etmək misalına uyğun şəkildə. Paşinyan belə bir təhdid dolu yazı paylaşmışdı ki, seçkilərdən sonra ciddi təmizləmələr aparılacaq. Görünür ki,  istefa verənlər ünvan kimi özlərini gördükləri üçün qabaqlayıcı addım atıblar. Bir faktı da deyim ki, Ara Ayvazyan və onun komandası əldə olunan üçtərəfli razılaşmanın həyata keçməsində olduqca destruktiv mövqe tuturdu. Bu da Paşinyanı həm də Rusiya qarşısında pis vəziyyətə salırdı. Hiss olunurdu ki, Ayvazyan daha çox revanşist mövqedən çıxış edir. XİN-də Paşinyana qarşı ciddi bir müxalifət formalaşmışdı. Hesab edirəm ki, onların istefası heç də könüllü olmayıb. İkinci versiya budur ki, həmin istefalar Paşinyanın təzyiqi ilə baş tutub. İstənilən halda, bu vəziyyət Ermənistan hakimiyyətində dərin böhranın olduğundan xəbər verir. Xüsusilə də  diplomatiyanın tam tənəzzülə uğradığını sübut edir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər