Azərbaycan-Ermənistan sərhəd dəqiqləşməsinə ABŞ-ın texniki dəstəyi necə ola bilər...

İbrahim Rüstəmli: “Sərhədlərin dəqiqləşməsi ilə bağlı müəyyən meyarlar tətbiq etməklə prosesi tezləşdirmək olar”

img

ABŞ dövlət katibinin köməkçisi səlahiyyətlərini icra edən Filip Riker Azərbaycana səfərinin yekunlarına və Prezident İlham Əliyevlə danışıqlara dair Bakıda mətbuat konfransı keçirib.

Jurnalistlərlə görüşdə F.Riker Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarda ABŞ üçün Azərbaycan ilə əməkdaşlıqda prioritet əhəmiyyət kəsb edən məsələlər üzrə danışıqlar aparıldığını söyləyib: enerji və iqtisadi əlaqələr, insan hüquqları və əsas azadlıqlar, həmçinin, regionda təhlükəsizlik.

Fürsətdən istifadə edərək Dövlət Departamentinin nümayəndəsi öz hökuməti adından ABŞ-ın Azərbaycanla əməkdaşlığının səviyyəsini bir daha vurğulayıb: “Vaşinqton Azərbaycanı strateji tərəfdaşı hesab edir”.

O, Azərbaycandan Avropaya qazın çatdırılmasını və bu qitənin enerji təhlükəsizliyini təmin edən TAP qaz dəhlizinin tikintisinin yekunlaşdırıldığını qeyd edib.  “ABŞ Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına necə kömək edə bilər” sualının cavabında Riker deyib ki, sərhədlərin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir. Bu həm də texniki prosesdir və ABŞ bunda texniki yardım göstərməyə hazırdır.

Maraqlıdır, Azərbaycan-Ermənistan sərhəd dəqiqləşməsinə ABŞ-ın texniki dəstəyi necə ola bilər? Ekspertlər bunu necə dəyərləndirirlər?

  • “ABŞ-ın bununla bağlı xüsusi avadanlıqları və digər texniki vasitələri var”

Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert İbrahim Rüstəmli bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla ABŞ-ın SSRİ çərçivəsində sərhədlərin demarkasiyasını dəstəkləməsi Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyin göstəricisidir. Onların dedikləri ölkənin ərazi bütövlüyünün dəstəklənməsi faktıdır. Bu mənada ki, digər dünya dövlətləri kimi, ABŞ bir daha bununla ərazi bütövlüyümüzü dəstəklədiyini bildirir. Hesab edirəm ki, siyasi baxımdan bu çox önəmli məqamdır. Demarkasiya prosesində texniki yardıma gəldikdə isə, burada bir sıra məqamlar nəzərdə tutulub. Məsələ ondadır ki, ABŞ böyük dövlət olaraq bununla bağlı təcrübəyə malikdir. Müxtəlif dövrlərdə bəzi dövlətlərə mübahisəli sərhədlərlə bağlı öz yardımını edib. Söhbət ondan gedir ki, sərhədlərin dəqiqləşməsi ilə bağlı müəyyən meyarlar tətbiq etməklə prosesi tezləşdirmək olar. ABŞ-ın bununla bağlı xüsusi avadanlıqları və digər texniki vasitələri var. Həmçinin, fəzada çoxsaylı hərbi peykə malikdir. Peyk vasitələri ümumi işə kömək edə bilər. O üzdən, bütün bunlardan çıxış edərək ABŞ öz yardımını göstərə bilər”.

Hərbi ekspert hesab edir ki, ehtiyac yaranarsa, bu imkanlardan faydalanmaq olar.

Vidadi ORDAHALLI

Son xəbərlər