Ermənistan Azərbaycanla yeni tip "minalarla müharibə" taktikasını icra edir - Kəlbəcər, daha hansı rayonumuz?

Akif Nağı: “Ermənilər məğlubiyyətlə barışmadıqları üçün mina taktikasına keçiblər”

img

İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.

Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk ediblər. İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

Qeyd edək ki, ermənilər əvvəl Kəlbəcəri minalamaq istədilər. İndi isə Laçında eyni taktikanı icra etməyə başlayıblar. Belə aydın olur ki, ermənilər artıq minalarla Azərbaycana qarşı müharibə taktikasına keçirlər.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşıb. Ermənistan ordusu artıq yox səviyyəsindədir: “Ermənilər məğlubiyyətlə barışmadıqları üçün mina taktikasına keçiblər. Onlar müharibə edib, açıq döyüşə girə bilmirlər. Çıxılmaz vəziyyətdə qalan ermənilər müharibəni davam etmək üçün minaları basdırmaqla məşğul olurlar. Nəzərə almaq lazımdır ki, Ermənistanda seçki öncəsi müəyyən təbliğat kampaniyası aparılır. Bu işdə Rusiyanın məsuliyyəti böyükdür. Belə ki, onlar Laçın dəhlizi vasitəsilə təxribat işlərini həyata keçirirlər. Həmçinin, ermənilər ideoloji təxribatla da məşğuldurlar. Baş keşiş Qaregin Xankəndiyə səfər edərkən bır sıra çıxışlar etdi. Qaregin bildirdi ki, guya “Artsax”ın bir hissəsi işğal olunub və ermənilər onu geri qaytaracaqlar. İdeoloji və silahlı təxribat Laçın dəhlizi vasitəsilə həyata keçirilir. Bu səbəbdən də ermənilərin məlum hərəkətlərinin qarşısı birmənalı şəkildə alınmalıdır. Azərbaycan tərəfi Laçın dəhlizinə nəzarət məsələsini gündəmə gətirməlidir”.

Günel CƏLİLOVA

Son xəbərlər