29/05/2020 12:03
728 x 90

Daxili Qoşunların rejim qaydalarının kütləvi icrasında daha möhkəm nizam-intizam yaradacağına ciddi inam var

Aydın Mirzəzadə: “Daxili Qoşunların hərbi qulluqçularının bu işə cəlb edilməsi müsbət effekt verəcək”

img

Məlum olduğu kimi, xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə Daxili Qoşunların qüvvələri cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 30-dan xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları polis əməkdaşları ilə birgə xidmətə cəlb ediliblər. Bakı və Sumqayıtda həyata keçirilən bu tədbirlər koronavirus infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma tədbirlərini tam və hərtərəfli yerinə yetirmək, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədi daşıyır.

Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 29 mart saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib.

Bütövlükdə, ölkədə görülən tədbirlər çərçivəsində Daxili Qoşunların da virusla mübarizəyə cəlb olunmasının əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər? Bu, qaydalara əməl olunmasının təmin olunmasında necə rol oynayacaq?

  • “Bu, qoyulan qaydaların icrasında, nizam-intizamın möhkəmləndirilməsində müsbət rol oynayacaq”

Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Daxili Qoşunların hərbi qulluqçularının bu işə cəlb edilməsi müsbət effekt verəcək. O belə bir qərarın verilməsini bir sıra amillərlə əlaqələndirdi: “Koronavirus artıq xaricdən ölkəyə gəlmir. Azərbaycan daxilində də yayılmağa başlayıb. Hesab edirəm ki, bu təhlükəli bir prosesdir. Ona görə də hamı qoyulan məhdudiyyətlərə əməl etməlidir. Müəyyən müddət evdə qalmaqla, koronavirusun geniş yayılmasının qarşısını almaqla biz buna qalib gələ bilərik. Dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. Şadam ki, daha çox vətəndaş bu məsələdə vətəndaş məsuliyyəti nümunəsi göstərir. Ancaq buna əməl etməyənlər də var. Bu tək bizdə deyil, bütün dünya ölkələrində belədir. Belə olan halda, intizam qaydalarının daha da gücləndirilməsi zərurəti ortaya çıxır. Bütün bunlarla yanaşı, ölkə daxilində xüsusi karantin rejiminin daha da gücləndirilməsi çərçivəsində Daxili Qoşunların bu işə cəlb edilməsi müsbət nəticə verəcək. Hesab edirəm ki, bu, qoyulan qaydaların icrasında, nizam-intizamın möhkəmləndirilməsində müsbət rol oynayacaq. Ona görə də belə bir qərarın verilməsinə normal yanaşıram”.

Vidadi ORDAHALLI

Son xəbərlər