Fikrət Mahmud: “Köhnə strukturun ləğv olunması və yeni kitabxana strukturunun yaradılması bu sahədə çox mühüm bir hadisə olacaq”
Respublikanın kitabxana sisteminin yenilənməsi, müasir tələblər səviyyəsində qurulması son illərin ən aktual məsələlərindən biri kimi gündəmdə idi. Azərbaycanda mövcud olan müxtəlif profilli kitabxanaların bir qismi Mədəniyyət Nazirliyinin, xeyli bir hissəsi isə ayrı-ayrı elmi qurumların, ali məktəblərin nəzdində fəaliyyət göstərib.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı fərmanla Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib. Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün xüsusi komissiya yaradılıb. Təqdim olunacaq təkliflər əsasında ölkədə yeni kitabxana sistemi formalaşanadək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki mövcud kitabxanalar öz fəaliyyətini davam etdirəcək.
Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların ləğv edilməsi kitabxana sistemində hansı yeni strukturun yaradılmasına zərurət yaradır?
Kitabxana sahəsi üzrə ekspert Fikrət Mahmud “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin fərmanı ilə nazirliyin nəzdində olan kitabxanaların ləğv edilməsi zərurətdən irəli gələn məsələdir. Onun sözlərinə görə, bu fərman kitabxana sitemində yeniliklərin baş verməsini reallaşdıracaq. Kitabxana sahəsində mövcud olan bütün problemlərin həll ediləcəyini düşünən F.Mahmud hesab edir ki, Azərbaycanda kitabxana sistemi tam müasir tələblər səviyyəsində qurulmalıdır. “Azərbaycan mədəniyyətinin, elminin tanınmasında, inkişafında kitabxanaların rolu əvəzsizdir. Cənab Prezidentin imzaladığı fərman çox zəruridir və zamanında verilən fərmandır. Bu fərman ona görə zəruridir ki, mövcud olan kitabxanalar müasir tələblərə cavab vermir. Müasir tələblər nədir? Müasir tələblər deyəndə yalnız kitabxanalardakı kitabların sayı nəzərdə tutulmur, eyni zamanda, yeni yaradılacaq kitabxana strukturu kitabxanalardan bütün dünyada mövcud olan kitablara çıxışın olmasını tələb edir. Yəni kitabxanalarda müasir texnologiyalar, internet işlək olmalıdır, bu müəssisələrdə informasiya təminatı yüksək səviyyəyə çatdırılmalıdır. Kitabxanaların informasiya təminatı o deməkdir ki, o müasir tələblərə cavab versin, dünyada gedən elmi proseslər, yeniliklər, inkişaf kitabxanalarda da öz əksini tapsın. Prezidentin fərmanı və sənəddə əks olunan tələblər əsasında kitabxana sistemində informasiya təminatlı, yüksək səviyyəli, müasir dünya üçün əlçatan olan yeni bir struktur, yeni kitabxana mədəniyyəti yaradılacaq. Köhnə strukturun ləğv olunması və yeni kitabxana strukturunun yaradılması bu sahədə çox mühüm bir hadisə olacaq. Kitabxanalarda həm də özünümaliyyələşdirmə sistemi də tətbiq etmək olar. O vaxtkı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə kitabxanalarla bağlı təkliflərimi göndərmişdim. Təklif etmişdim ki, kitabxanalar dövlət büdcəsindən ayrılan vəsaitlə kifayətlənməyib, həm də təsərrüfat hesabı ilə fəaliyyət göstərməlidirlər. Bilirsiniz ki, kitabxana əməkdaşlarının maaşı qənaətbəxş səviyyədə deyil. Bu da işçiləri qane etmir. Müəyyən xidmətlər var ki, kitabxanalarda onları da yaratmaq olar və bu da kitabxanaçıların normal əməkhaqqı ilə təmin olunmasına gətirib çıxarar. İlk növbədə kitabxana informasiya təminatının dolğunluğunu ifadə etməlidir. Çünki bu gün dünyanın müxtəlif ölkələrində 24 saat işləyən kitabxanalar var. Bu kitabxanalardan xüsusilə də ali məktəb tələbələri bütün məlumatları tam və dolğun şəkildə əldə edə bilirlər. Bax, belə bir sistem yaratmaq lazımdır ki, tələbələr kitabxanalarda tələb olunan bütün informasiyalarla təmin oluna bilsinlər” - deyə F.Mahmud qeyd etdi. Onun sözlərinə görə, kitabxanalardan yalnız tələbələrin deyil, mütəxəssislərin də, bütün vətəndaşların da informasiya, kitab əldə etməsi üçün onlar çox zəngin olmalıdırlar.
O vurğuladı ki, bəzi ucqar kənd və qəsəbələrdəki kiçik kitabxanaların birləşdirilməsinin elə də əhəmiyyəti olmaz. Mütəxəssisin sözlərinə görə, ən kiçik bir kitabxananın da dünyaya çıxışı olmalıdır. Müasir şərait bunu tələb edir. “Əsas kitabxanaların məlumat bazasının zənginliyidir. Bu kitabxanalarda internet-informasiya bazası və buradan dünya kitabxanalarına çıxış olacaqsa, onların birləşdirilməsi vacib deyil”.
Bu fərmanın kitabxana sistemi üçün müasir səviyyədə bilik və bacarığı olan mütəxəssislərin yetişdirilməsinə də müsbət təsir göstərəcəyini deyən F.Mahmud hesab edir ki, bu gün ali məktəblərdə kadr hazırlığı mövcuddur, lakin burada dərs deyən müəllimlərin bilik səviyyəsinin yüksəldilməsi lazımdır: “Bu gün Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kitabxanaçılıq fakültələri mövcuddur. Sadəcə olaraq, kitabxanaçılara dərs deyən alimlərin, mütəxəssislərin özləri artıq öz üzərilərində daha çox işləməlidirlər. Onlar köhnə stereotiplərdən əl çəkib yeniliyi görməlidirlər və onu tətbiq etməlidirlər. Kitabxanaçılıq fakültələrində dərs deyən müəllimlər dünyanın qabaqcıl ali məktəblərinin proqramlarını mənimsəməli və eyni zamanda onu tətbiq etməlidirlər”.
İradə SARIYEVA