DİN-in “102 Zəng Mərkəzi”nə Yasamal rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Dərhal Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməkdaşları X.Mustafayev küçəsindəki həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirilib. Mənzildən aprelin 16-dan 18-dək olan müddətdə qızıl-zinət əşyaları, televizor və digər məişət avadanlıqlarının oğurlandığı məlum olub.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb. Araşdırmalarla onun Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Həsənqulu Qurbanov olduğu müəyyən edilib.
Televizor və digər məişət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı