Rəsul Cahangirli: “Yoxsa, hasilatla bağlı itkilər daha çox olacaqdı”
“Hadisə ilə əlaqədar neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilmişdir”. Bunu Mingəçevirdəki qəzanın araşdırılması ilə bağlı yaradılan Dövlət Komissiyasının sədri Yaqub Eyyubov Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirə zamanı deyib.
Onun sözlərinə görə, Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir: “Neft Şirkəti üzrə - hadisə ilə əlaqədar neft emalı zavodunda bütün qurğular dayanmışdır. Hazırda katalitik krekinq qurğusundan başqa digər emal qurğuları iş rejimlərində çalışır. Katalitik krekinq qurğusunun regenerator blokunda yaranmış problem isə qurğunun soyudulması və daxili hissənin yoxlanılmasından sonra dəqiq müəyyənləşdiriləcək. İlkin ehtimala görə, görüləcək təmir-bərpa işləri təxminən 8-10 gün çəkəcək. Katalitik krekinq qurğusunun təmiri dövründə ölkənin avtomobil benzininə tələbatı zavodda mövcud olan 80 min tona qədər qalıq ehtiyat hesabına təmin ediləcəyinə görə təchizatla əlaqədar hər hansı bir problem gözlənilmir. Hadisə ilə əlaqədar neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilmişdir. Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir”.
Məlum qəza ilə əlaqədar təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qazın az hasil edilməsi Azərbaycan üçün nə qədər iqtisadi ziyan deməkdir?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, sözügedən ziyan o qədər də böyük olmasa da, hər halda, iqtisadiyyat üçün müəyyən itkidir: “Bir neçə saat da olsa elektrik enerjisinin kəsilməsi ölkə iqtisadiyyatına ziyan vurub. Belə sahələrdən biri də neft və qazçıxarmadır. Bunun nə qədər olmasına gəldikdə isə, hesab edirəm ki, bunu hesablamaq lazımdır. Çünki qəza nəticəsində Sumqayıtın lokomotivi olan kimya sənayesi elektrik enerjisinin ölkə ərazisində kəsilməsi nəticəsində dayanıb. O cümlədən, qurudakı neft sənayesi də dayanıb. Nə yaxşı ki, Azərbaycanın neft sənayesinin əsas hasilatı dənizdə gedir və onların öz enerji mənbələri var. Yoxsa, hasilatla bağlı itkilər daha çox olacaqdı. Bu da, öz növbəsində, iqtisadiyyata daha çox zərər vurardı. Bundan əlavə, neftayırma zavodunda da qurğular dayanıb, ölkənin su təsərrüfatına xeyli ziyan dəyib. Nasos stansiyaları işləmədiyindən, istehlakçıların fasiləsiz su təminatı pozulub. Hər halda, nəzərə almaq lazımdır ki, neft və qazçıxarmadan əldə olunan gəlirlər ölkə iqtisadiyyatında mühüm çəkiyə malikdir. Ona görə də son dərəcə diqqətli olmaq lazımdır. Elə etmək lazımdır ki, bu cür fövqəladə hallarda Azərbaycan iqtisadiyyatında əsas lokomotiv olan sahələr bundan ciddi zərər görməsinlər. Neftçıxarma da belə sahələrdən biridir”. Vidadi ORDAHALLI