ABŞ-da Donald Trampın ikinci prezidentlik müddəti ərzində onun administrasiyasında ultra-varlı şəxslərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə edilib. Aktivləri ən azı 100 milyon dollar olan dövlət məmurlarının sayının əvvəlki üç prezidentlik müddətinin ümumi sayını keçdiyi bildirilir.
Qeyri-kommersiya istehlakçı müdafiə qrupu olan “Public Citizen” tərəfindən dərc edilən hesabata görə, Tramp administrasiyasında ən azı 100 milyon dollarlıq aktivlərə malik 57 məmur var.
Hesabatda bildirilir ki, bu şəxslərdən 17-si səfir, 40-ı isə hakimiyyətdə yüksək vəzifələr tutur. Həmçinin qeyd olunur ki, Trampın 23 üzvdən ibarət kabinetinin səkkiz üzvünün xalis sərvəti ən azı 100 milyon dollardır.
Hesabata görə, ABŞ-ın keçmiş prezidenti Corc Buşun administrasiyası dövründə ən azı 100 milyon dollarlıq aktivi olan 5 məmur var idisə, Barak Obamanın administrasiyası dövründə bu rəqəm 3-ə, Co Baydenin administrasiyası dövründə isə 5-ə olub. Beləliklə, Tramp administrasiyasında 57 ultra-varlı məmurun sayı əvvəlki üç prezidentlik müddətindəki ümumi sayın dörd qatından çox olub.
"Forbes"in sərvətini 6 milyard dollardan çox qiymətləndirən Tramp və sərvəti 800 milyard dolları keçən ABŞ milyarderi Elon Mask qiymətləndirməyə daxil edilməyib.
“Public Citizen” həmsədri Liza Qilbert, hesabatı qiymətləndirərkən ultra-varlı şəxslərin dövlət vəzifələrinə hakim olması risklərinə diqqət çəkib. Qilbert bu vəziyyətin "səhv təşviqlərə və korrupsiyaya" səbəb ola biləcəyini bildirib.
Tahir TAĞIYEV