Türkiyənin BƏƏ ilə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin satışı ilə bağlı danışıqları dalana dirənib.
Onların utilizasiyasını tələb edən ABŞ senatorları isəAnkaraya F-35 gizli təyyarələrinin satışına icazə verməkdən imtina edir. Ankaranın Əbu-Dabi ilə danışıqları Türkiyənin sistemlərin satışı üçün Rusiyadan icazə istədiyi zaman elan edilib. Lakin danışıqlarla tanış olan mənbələrin sözlərinə görə, müzakirələr dalana dirənib. Dəqiq səbəb aydın deyil, lakin mümkün səbəblərdən biri də F-35-lər almaq istəyən BƏƏ-nin Rusiya silahları ilə də məşğul olmaq istəməməsidir. Demokrat senator Kris Kuns bildirib ki, "S-400-ü əldə edən və yerləşdirən istənilən ölkə türklərin üzləşdiyi eyni narahatlıqlar, çətinliklər və məhdudiyyətlərlə üzləşəcək". Respublikaçı senator Rik Skott nəşrə bildirib ki, Türkiyə S-400-ə sahib olduğu müddətcə F-35-i əldə edə bilməyəcək. Donald Tramp administrasiyası ilə tez-tez əlaqə saxladığını əlavə edən Skott qeyd edib ki, sonrakı addımlar barədə "heç nə eşitməyib".
İyulun əvvəlində NATO sammiti üçün Ankaraya gələn Tramp Türkiyənin ABŞ-dan F-35 qırıcı təyyarələri almasına icazə verəcəyini bildirib və Rusiyadan S-400-lərin alınması ilə əlaqədar tətbiq edilən sanksiyaları ləğv edəcəyinə söz verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə sonu "Əl-Cəzirə"yə Trampın F-35 qırıcı təyyarələri ilə bağlı vədini yerinə yetirəcəyini gözlədiklərini bildirib. Lakin Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş "Onlar hələ S-400-lərdən qurtula bilməyiblər, ona görə də bu, çıxılmaz vəziyyətdir"- deyə bildirib. Türkiyə sistemlərin deaktiv edilməsini təklif etsə də, senatorlar bunu məqbul saymır və onlardan tamamilə qurtulmaqda israr edirlər.
SAMİRƏ