Rusiya Ali Məhkəməsi “Yabloko” partiyasının Dövlət Dumasına namizədlərin federal siyahısının qeydiyyatının ləğvi qərarını qüvvədə saxlayıb. Partiya apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini istəyib. Rusiya Federasiyası Baş Prokurorluğunun və Mərkəzi Seçki Komissiyasının nümayəndələri məhkəmədən “Yabloko”nun apelyasiyasını rədd etməyi xahiş ediblər. Onların fikrincə, birinci instansiya məhkəməsi partiyanın yol verdiyi qanun pozuntularını təsdiqləyib. Qeyd olunur ki,10 avqustda Rusiya Federasiyası Ali Məhkəməsi “Rodina” tərəfindən təqdim edilən Yablokonun Dövlət Dumasına seçkilərə namizədlər siyahısının qeydiyyatının ləğvi iddiasını təmin edib. İddiaçının nümayəndələri bildirir ki, “Yabloko”nun təqdimatı və təşviqatı "əqli mülkiyyət, müəllif hüquqları, ekstremizmə qarşı mübarizə qanunları və maliyyələşdirmə qanunlarını pozub". Mərkəzi Seçki Komissiyasının nümayəndəsi məhkəmədə bildirib ki, komissiya Rosfinmonitoring-dən bəzi namizədlərin xarici maliyyələşdirilməsi ilə bağlı məlumat alıb. “Yabloko” öz növbəsində xarici mənbələrdən maliyyə aldığını təkzib edərək, pulun Rusiya vətəndaşlarından ianə kimi köçürüldüyünü və onların da bu vəsaiti xaricdən aldığını bildirib.
SAMİRƏ