Zakir Əhmədov: “Nəzərə almaq lazımdır ki, sözügedən ölkələrin iqtisadi potensialı böyük və çoxşaxəlidir”
Gələcəkdə türkdilli ölkələr üçün vahid gömrük zonasının yaradılması məsələsinə baxıla bilər. Bu barədə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev deyib.
Onun sözlərinə görə, Özbəkistanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olmasından sonra təkcə iqtisadiyyat deyil, təhsil, gənclər, idman və turizm sahələrində də bütün mümkün layihələrin reallaşdırılmasına imkan yaranacaq: “Türkiyə Prezientinin Özbəkistana səfərindən sonra ölkə rəhbərliyi tərəfindən rəsmi Daşkəndin Türk Şurasının işində iştirakı barədə qərar qəbul olundu. Özbəkistanın Türk Şurasına üzv olması çox vacib hadisədir. Özbəkistan inkişaf dinamikası və əhalisinin sayına görə şuranın işinə mühüm töhfə verəcək”.
H.Quliyev qeyd edib ki, idxal rüsumu və kvota kimi ticarət maneələrinin azaldılması və tam aradan qaldırılması nəticəsində Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə arasında beynəlxalq ticarətin həcmi arta bilər: “Tariflərin azaldılması, öz növbəsində, Türk Şurasının təşəbbüsü ilə gömrük ittifaqının və ya azad ticarət zonasının yaradılması sayəsində, həmçinin, praktikada geniş yayılmış beynəlxalq danışıqlar nəticəsində həyata keçirilə bilər”.
Qeyd edək ki, müasir türk dövlətlərini birləşdirən Türk Şurası beynəlxalq təşkilatının əsas məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Şura 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində yaradılıb. Hazırda şuranın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.
Bütövlükdə, türkdilli ölkələr üçün vahid gömrük zonasının yaradılmasının perspektivinə ekspertlər necə yanaşırlar? Belə bir ideya reallaşsa, bu, sözügedən ölkələr arasında ticarətin genişlənməsinə, iqtisadi inkişafa necə təsir göstərəcək?
Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun sözlərinə görə, vahid gömrük zonası sözügedən ölkələr üçün böyük iqtisadi perspektiv vəd edir: “Vahid gömrük zonasının yaradılması türkdilli ölkələr arasında ticarət dövriyyəsinin daha da artmasına güclü təkan verəcək. Çünki idxal rüsumlarının fərqli olması, bəzi ticarət məhdudiyyətləri iqtisadi əlaqələrin, o cümlədən beynəlxalq ticarətin daha da genişlənməsinə mane olur. Nəzərə almaq lazımdır ki, türkdilli ölkələrin iqtisadi potensialı böyük və çoxşaxəlidir. Ona görə də bu imkanlardan daha da səmərəli və maksimum səviyyədə istifadə etmək üçün vahid gömrük sisteminin tətbiq olunmasına ehtiyac var. Düzdür, bunu reallaşdırmaq üçün müəyyən zaman lazımdır. Hesab edirəm ki, türkdilli ölkələr bununla bağlı işləri daha da sürətləndirməlidirlər. Çünki bu, bütün türkdilli ölkələrin iqtisadi və ticarət maraqlarına uyğundur. Fikrimcə, bununla bağlı razılaşma əldə olunsa, türkdilli ölkələr arasında ticarət dövriyyəsinin həcmi indikindən qat-qat böyük olacaq. Nəzərə almaq lazımdır ki, vahid gömrük zonası ideyası bir sıra dünya ölkələri arasında tətbiq olunur və çox yaxşı effekt verib. Bu baxımdan hesab edirəm ki, türkdilli dövlətlər vahid gömrük tarifləri və digər bu kimi məsələlərlə bağlı ortaq razılıq əldə edə bilərlər. Bu həm də sözügedən ölkələr arasında azad ticarət zonalarının yaradılmasına da öz müsbət təsirini göstərə bilər. Hansı ki, azad ticarət zonaları iqtisadi əlaqələrin daha da genişlənməsinə müsbət təsir göstərir”.
Vidadi ORDAHALLI