Nicat Əlibəyli: “Əmlakın sığorta olunması məsələsinə aidiyyəti qurumlar tərəfindən ciddi nəzarət tətbiq olunarsa, vətəndaşlar mənzillərini sığorta etdirməkdə maraqlı olarlar”
Bu gün heç bir vətəndaş ağlagəlməz, bədbəxt hadisədən sığortalanmayıb. Təkcə son illər evinin yanması, partlaması və uçması üzündən onlarla ailə evsiz-eşiksiz qalıb, xeyli insan iş yerlərini itirib. Yanğından və digər hadisələrdən mənzilini qorumaq istəyənlər də vəziyyətə nəzarəti öz əllərində saxlaya bilər. Bunun üçün isə optimal çıxış yollu mənzili sığortalamaqdır.
Təəssüf ki, Azərbaycanda vətəndaşlar əmlak sığortasına maraqlı deyillər. Hətta bu məsələyə ötən gün Bakıda keçirilən beynəlxalq sığorta konfransında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də toxunub. O qeyd edib ki, Azərbaycanda əmlak sığortasından sığorta daxilolmaları çox azdır. Sığortanın inkişafı üçün əmlakın qeydiyyatı sürətləndirilməli, onun sığortalanması təşviq edilməlidir: “Bu yolla əmlak sığortasından yığımları azı 200-300 mln. manat artırmaq olar. Bəzi ölkələrdə əmlak sığortasından daxilolmalar ümumi sığorta yığımlarının 20%-ni təşkil edir”.
Əmlak sığortası qeydiyyatını sürətləndirmək üçün nə kimi işlərin görülməsini öyrənmək məqsədilə sığorta mütəxəssisi Nicat Əlibəyliyə müraciət etdik. N.Əlibəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2012-ci ildən etibarən ölkədə daşınmaz əmlakın icbari sığortası tətbiq olunur: “Məlumat üçün bildirim ki, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə illik sığorta haqqı 50 manat, sığorta məbləği 25000 manat, azadolma məbləği 250 manatdır. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20000 manat, azadolma məbləği 200 manat və sığorta haqqı 40 manatdır. Digər bölgələrimizdə isə sığorta məbləği 15000, azadolma məbləği 150 manat, sığorta haqqı isə 30 manatdır. Paytaxt ərazisində yaşayanlar 50 manat ödəməklə yaşadıqları mənzili 25000 AZN dəyərində sığortalaya bilərlər. Daşınmaz əmlakın icbari sığortası üzrə cərimələr fiziki şəxslər üçün 10 manat təşkil edir. Cərimələrin məbləği artırılarsa, insanlar cərimə ödəmək əvəzinə mənzilini sığorta etdirər. Beləliklə, əmlakın sığortası üzrə qeydiyyat sürətlənər”.
Həmsöhbətimiz onu da bildirdi ki, iaşə obyektləri məcburi şəkildə sığortalanır: “Çünki bu tip obyektlərə aidiyyəti qurumlar tərəfindən xüsusi nəzarət tətbiq olunur. Ancaq daşınmaz əmlakın sığortasına nəzarət zəifdir. Bu sahəyə ciddi nəzarət olarsa, vətəndaşlar mənzillərini sığortalamaqda maraqlı olarlar”.
N.Əlibəylinin fikrincə, daşınmaz əmlakın sığortası ilə bağlı cərimənin məbləği artırılarsa, bu sahədə müsbət nəticələr əldə etmək mümkün olar.
Günel CƏLİLOVA