Vahid Məhərrəmov: "Kənd təsərrüfatı ilə məşğul olanlara şərait yaratmaq lazımdır ki, məhsullarını azad formada bazara çıxarıb satışı ilə məşğul ola bilsin"
Bazarda yerli mal satmayanlar cərimələnəcək. Cərimənin ilkin məbləği 100 manatdan başlayır. Bu "Kənd təsərrüfatı kooperasiyası haqqında" Qanuna uyğun olaraq təşkil edilən kooperativ bazarlardakı satıcılarla bağlı yeni qəbul edilən qərarda qeyd olunur.
Ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa, digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə cərimə tətbiq olunacaq.
Qərara görə, satış qaydalarını pozan fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcək.
Yerli məhsul satmayanların cərimələnməsinə münasibət bildirən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, belə yanaşma düzgün deyil: "Bu qərardan sonra ticarətlə məşğul olanların bəzisinə öz işlərini görməyə maneçilik törədiləcək".
Həmsöhbətimiz hesab edir ki, kənd təsərrüfatı ilə məşğul olanlara şərait yaratmaq lazımdır ki, məhsullarını azad formada bazara çıxarıb satışı ilə məşğul ola bilsin. Və ya tədarüklə məşğul olan sahibkarlara dəstək olmaq lazımdır: "Yerli məhsul topdansatış mərkəzlərinə çıxarılır. Sahibkarlara şərait yaratmaq lazımdır ki, onlar məhsulu topdansatış məntəqələrinə və ya iri supermarketlərə sərbəst şəkildə paylaya bilsin".
Ekspertin fikrincə, istehsalı inzibati qayda ilə stimullaşdırmaq mümkün deyil: "Yerli məhsulun istehsalına diqqət artırılmalıdır".
Günel CƏLİLOVA