Dünya əmtəə bazarlarında ərzaq məhsulları bahalaşan kimi Azərbaycan bazarlarında qiymətlər qalxır. Müşahidə olunan bahalaşma yerli məhsulların da qiymətinə təsir göstərir. Nəticədə yerli istehsal da bahalaşır.
Kənd təsərrüfatımız o qədər yerində sayır ki, nəinki buğda, bir sıra digər ərzaq məhsullarına görə də xaricdən asılıyıq. Bütün bunların səbəbi idxaldan asılılığımızın yüksək səviyyədə olmasıdır. İdxaldan asılılığın yüksək səviyyədə olması avtomatik olaraq yerli bazara öz təsirini göstərir. Elə məhsullar var ki, xaricdən asılılığımız yüksək olaraq qalır. Məsələn, buğdanın 43 faizi, düyünün 86 faizi, bitki yağlarının 65 faizi, çayın 55 faizi, şəkərin 30 faizi ölkəyə idxal olunur. Hətta daxldə istehsal olunan şəkər istehsalı üçün xammalın 85 faizi xaricdən gətirilir. Bunlar hələ ərzaq məhsullarıdır. Qeyri-ərzaq məhsullarının asılılığı daha yüksəkdir. Ümumilikdə, görünən odur ki, əsas ərzaq məhsullarının heç biri üzrə özümüzü təminetmə səviyyəsi 100 faiz deyil. Ola bilər ki, mövsumi amillərlə əlaqədar hansısa məhsulların idxalına zərurət olmur, amma mövsum başa çatandan sonra yenidən idxal özünü göstərir.
Maraqlıdır, bir sıra vacib məhsullar üzrə yerli istehsal niyə aşağıdır? İstehsalı təşkil edə bilmirlər, yoxsa ölkənin iqlim və torpaq resursları daha çox məhsul istehsal etməyə əlverişli deyil?
“Resurslardan səmərəli istifadə edilərsə, biz əsas ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına təmin edə bilərik”
Sözügedən məsələyə aydınlıq gətirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, idxaldan asılı olmağın səbəbi istehsalın təşkil edilə bilinməməsi ilə bağlıdır: “Kənd Təsərrüfatı Nazirliyinin qeyri-peşəkar məmurları deyir ki, guya ölkənin resursları daha çox məhsul istehsal etməyə şərait yaratmır. Bu tamamilə savadsız yanaşmadır. Görən bu nazirlikdə bir nəfər də olsun savadlı mütəxəssis yoxdurmu? Bütün dünya artıq məhsul istehsalında intensiv yola keçib. Azərbaycanın torpaq sahəsi kifayət qədərdir və daha münbitdir. O cümlədən, ölkənin su ehtiyatı da yetərincədir. Yetər ki, bu resurslardan səmərəli istifadə edilsin və istehsal səmərəli təşkil olunsun. Azərbaycanın 32 milyard kubmetr su ehtiyatı var. Su da elə varlıqdır ki, heç vaxt yoxa çıxmır. Bəyənmədiyimiz sovet dönəmində qış mövsümündə su anbarlara yığılırdı və yay vaxtı ondan istifadə edilirdi. Üstəlik, qlobal iqlim dəyişikliyi Azərbaycana az təsir edir. Məmurlar iqlim dəyişikliyini əldə bayraq ediblər ki, ay aman, iqlim daha çox məhsul istehsal etməyə imkan vermir. Halbuki, bu tamamilə əsassız və yalan yanaşmadır. Yəni bu sadəcə bəhanədir. Risqlərin qarşısını almaq üçün adekvat addımlar atılmır. Mövcud olan resurslardan səmərəli istifadə edilərsə, biz əsas ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına təmin edə bilərik. Sadəcə, müvafiq qurumlar işi qurmaq istəmir. Məmurların məqsədi idxal hesabına daha çox varlanmaqdır. Özbəkistanın iqlim şəraiti qat-qat bizdən aşağı səviyyədədir. Özbəkistanda bir hektara 49 sentiner məhsul istehsal olunduğu halda, Azərbaycanda bu, 31 sentinerdir. Bax, budur mövcud reallıq”.
Ekspert bir daha qeyd etdi ki, sadalanan problemlər həll edilmədikcə, Azərbaycanın ərzaq asılılığı daha da artacaq.
Vidadi ORDAHALLI