Azərbaycanda çörəyin bahalaşması son günlər ən çox müzakirə olunan məsələlərdəndir. Bəzi hallarda çəkisi azalan, bəzi hallarda qiyməti artan çörəyin bundan sonra da bahalaşması gözlənilir. Çünki dünyada son bir ildə taxıl qıtlığı yaranıb, BMT Ərzaq Fondunun məlumatına əsasən, son aylar dünya bazarlarında taxılın qiyməti bahalaşıb.
Qeyd edək ki, 2 il öncə BMT taxıl-buğda qıtlığının olacağı ilə bağlı xəbərdarlıq yaymışdı. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, 2020-ci ilin ikinci yarısından 2021-ci ilin birinci yarısınadək olan dövr ərzində dünyada ərzaq buğdasının qiymət artımı müşahidə olunub və bunun əsas səbəblərindən biri qlobal səviyyədə taxıl təminatının azalmasıdır.
Onu da qeyd edək ki, dünya bazarlarında son bir ildə buğdanın qiymətlərinin davamlı olaraq artdığı müddətdə indiki kimi kəskin məhsul azalmaları yox idi. Hətta ağır pandemiya ili hesab edilən 2020-ci ildə buğda istehsalı bu mövsümdəkindən yüksək olub, ancaq bununla belə, ötən ilin avqust ayının sonlarından etibarən buğdanın qiymətləri bahalaşıb. 2020-ci ilin avqust ayında bir ton buğdanın dünya bazar ixrac qiyməti 188-238 ABŞ dolları arasında olubsa, həmin ilin dekabrında qiymətlər 219-265 ABŞ dolları qiymət indeksinə yüksəlib. Bu, son 4 ilin ən yüksək göstəricisidir. FAO-nun proqnozlarına görə, ərzaq buğdasına olan qlobal istehlak tələbinin artması və bunun müqabilində istehsal-ixrac həcmlərinin daralması 2021-ci ilin ötən aylarında dünyanın bir çox ölkələrində buğdanın və çörək məmulatlarının qiymətlərində bahalaşmalarla müşayiət edilib. Cari, yəni 2021-22-ci il mövsümündə isə dünya üzrə buğda istehsalı daha da azaldığından, qlobal səviyyədə buğda təminatında ciddi çətinliklərin meydana çıxması gözlənilir.
Yaranmış vəziyyət dünyanın ən iri taxıl istehsalçılarının ixrac həcmlərini azaldacağı, əlavə rüsumlar tətbiq edəcəyindən və nəticədə qlobal miqyasda taxıl tədarükünün daralacağından xəbər verir.
Qeyd etdiyimiz kimi, BMT-nin taxıl-buğda qıtlığının olacağı ilə bağlı xəbərdarlığından sonra ölkəmizdə də bu halın yaşanmaması üçün müəyyən müzakirələr aparıldı. Hətta bir sıra millət vəkilləri, ekspertlər anbarların tikilməsi, həmin anbarların buğda-taxıl ehtiyatı ilə doldurulması, həmçinin taxıl-buğda ehtiyat fondu yaradılmasının vacib olduğunu qeyd etmişdilər. Lakin dünyaya koronavirus “bəlası” yayıldı və hər şey unuduldu.
Unun satış qiyməti artandan sonra bu məsələ yenidən gündəmə gəldi. Hazırda Azərbaycanın taxıl-buğda ehtiyatı varmı? Taxıl-buğda ehtiyat fondunun yaradılması vacibdirmi?
“Taxıl istehsalı üçün subsidiya mexanizminə yenidən baxılması və taxıl istehsal edən fermerlərə daha çox subsidiyanın verilməsi məqsədəuyğun olardı”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, ölkədə taxıla olan tələbin bir hissəsi idxal hesabına ödənilir: “2021-ci ilin 11 ayında Azərbaycan 1 milyon tondan artıq buğda idxal edib və həmin idxal üçün 288 milyon dollara yaxın vəsait xərclənib. 2020-ci ilin 11 ayında isə 1.2 milyon ton buğda idxal olunub. Amma 262 milyon dollar vəsait ödənilib. Rəqəmlərin müqayisəsi göstərir ki, idxal qiymətlərində artımlar var. Bu da daxili bazarda qiymət artımlarına gətirib çıxarıb. Biz qiymət artımlarının qarşısının alınması və optimallaşdırılması üçün bir neçə istiqamət üzrə tədbirlərin dərinləşməsini təklif edirik.
Əvvəla, taxıl istehsalı üçün subsidiya mexanizminə yenidən baxılması və taxıl istehsal edən fermerlərə daha çox subsidiyanın verilməsi məqsədəuyğun olardı.
Taxıl-buğda strateji əhəmiyyət daşıyır. Baxmayaraq ki, buğda istehsal edən fermerlər strateji məhsul olaraq daha çox subsidiya alırlar, amma həmin subsidiya məbləğinə baxılması, xüsusən də istehsal həcminə uyğun olaraq daha çox subsidiyanın təklif edilməsi məqsədəuyğundur. Keyfiyyət növündən asılı olaraq buğda yetişdirən fermerlərə daha çox subsidiya verilə bilər. Nəticə etibarı ilə bu da imkan verər ki, həm istehsalın genişləndirilməsinə nail olunsun, həm də daxili istehsal edilən buğda və taxılın xərcini azaltmaqla bütövlükdə qiymət artımlarının qarşısı alınsın”.
Həmsöhbətimiz hesab edir ki, işğaldan azad olunan ərazilərin taxıl istehsalı baxımından böyük potensialı var: “Füzuli, Ağdam və digər işğaldan azad olunmuş rayonlar işğaladək taxıl istehsalında aparıcı rayonlar idi. O baxımdan həmin rayonlarda da taxıl istehsalının intensiv təşkil olunması və həmin ərazilərimizin yenidən taxıl istehsal edən aparıcı rayonlar sırasına cəlb edilməsi məqsədəuyğundur. Bu istiqamətdə işlərin daha intensiv şəkildə həyata keçirilməsinə ehtiyac var”.
Günel CƏLİLOVA