“2022-2026-cı illəri əhatə edən strategiya çərçivəsində dərin şaxələnmə və ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr”in tapılması, özəl və xarici investisiyaların payının artırılması, regionların iş qüvvəsi və bütün resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsi vasitəsilə iqtisadi aktivliyin daha da artırılmasına nail olunacaq". Belə bir açıqlama ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib.
Nazir qeyd edib ki, hazırda baş nazirin rəhbərliyi ilə yaradılmış 10 alt işçi qrupu tərəfindən milli prioritetlər əsasında 2022-2026-cı illəri əhatə edən strategiyanın layihəsi hazırlanaraq təqdim olunub. Onun sözlərinə görə, strategiya çərçivəsində iqtisadi artım sürətinin yüksəldilməsi üçün neft gəlirlərindən asılılığın əhəmiyyətli dərəcədə azaldılmasına yönəlmiş yüksək əlavə dəyər yaradan artım modelinin formalaşdırılması nəzərdə tutulur: “Yeni strategiya layihəsi uğurla həyata keçirildiyi təqdirdə, 2022- 2026-cı illərdə ölkədə ÜDM-in orta illik artım tempinin 3,9 %, o cümlədən qeyri-neft sektorunda 5 % səviyyəsində formalaşması, adambaşına düşən nominal ÜDM-in həcminin hazırkı dövrlə müqayisədə 1,3 dəfə artırılması təmin olunacaq. Bu hədəfər ölkə iqtisadiyyatının sürətli artımı üzrə göstəricilərinə uyğundur. Qeyd etməliyəm ki, növbəti ilin makroiqtisadi proqnozları və dövlət büdcəsinin parametrləri, faktiki olaraq, yeni strateji dövrün ilk ilinə uyğun qaydada tərtib edilib. 2022-ci ildə ÜDM-in 3,9 %, qeyri-neft məhsulları üzrə 4 % artımını proqnozlaşdırırıq. Həmçinin ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz vardır. Kənd təsərrüfatında 4 %, qeyri-neft sənayesində 8,7 %, turizm sektorunda 48,2 %, nəqliyyatda 4,5 %, informasiya və rabitədə 9,5 % kimi bir artım göstəricilərindən söhbət gedir”.
Beləliklə Azərbaycan 2026-cı ilin sonuna enerji sektorundan iqtisadiyyatın asılılıq dərəcəsini əhəmiyyətli dərəcədə azaltmağı düşünür. Məsələ ilə bağlı iqtisadçı deputat Vüqar Bayramov qeyd edir ki, 2021-ci ilin birinci yarısından sonra Azərbaycan iqtisadi artım tempini bərpa edə bilib: “İlin yekunlarında ölkəmizin iqtisadiyyatının 5 faizdən çox böyüyəcəyi proqnozlaşdırılır. Bu da ondan xəbər verir ki, pandemiyanın təsirlərinin davam etməsinə baxmayaraq, Azərbaycan ötən ildə iqtisadi artıma nail ola bildi. Bu, bütövlükdə iqtisadi fəallığın bərpası, pandemiyanın təsirlərinin minimumlaşdırılması baxımından kifayət qədər vacib hesab olunur. 2021-ci ilin əsas məqamlarından biri iqtisadi artımın daha çox qeyri-neft sektorunun artımı hesabına baş verməsi oldu. Praktik olaraq qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatındakı artımı müəyyənləşdirən lokomotivə çevrildi. Bu da təbii ki, iqtisadi artımın dayanıqlılığı baxımından önəmlidir. Ötən il 2022-ci ildə genişmiqyaslı sosial paketin reallaşması üçün maliyyə bazası formalaşdırdı. Çünki büdcəyə nəzərdə tutulandan 1 milyard manatdan çox vəsait yalnız qeyri-neft sektorundan daxil oldu ki, bu da sosial istiqamətə daha çox vəsaitin ayrılmasına şərait yaradacaq”. Ümumiyyətlə, Azərbaycanda əhalinin rifah halının davamlı şəkildə yüksəldilməsi dövlətin sosial siyasətində xüsusi diqqət mərkəzindədir. Elə prezident İlham Əliyevin ötən ilin dekabr ayı ərzində əməkhaqları, təqaüdlər, sosial müavinətlərin artımı ilə bağlı imzaladığı çoxsaylı yeni fərman və sərəncamlar bunun növbəti real təsdiqidir. Əməkhaqları, təqaüd və müavinətlərin artırılması ilə bağlı prezident İlham Əliyev tərəfindən imzalanan rəsmi sənədlərin icrasına 1.5 milyard manat ayrılacaq, 2.1 milyon insanı əhatə edəcək, onların maddi rifah halının daha da yüksəlməsinə gətirib çıxaracaq. Bu müstəvidə islahatların yeni mərhələsi prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Sərəncamdan irəli gələn məsələlərlə bağlı atılan addımlar, ilk növbədə, həssas əhali qruplarının sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. Bundan başqa, azad olunan ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası, burada əhalinin məşğulluğunun təmin edilməsi, istehsal, xidmət, ticarət, nəqliyyat, logistika və digər sahələrin yaradılması da diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Bütün bunlar ümumilikdə Azərbaycanın iqtisadi potensialının daha da güclənməsinə, ümumi daxili məhsul istehsalında ciddi artıma səbəb olacaq. Bu fonda qeyd ədək ki, prezident İlham Əliyevin fərmanı ilə ötən il yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyəti işğaıldan qurtulmuş terlərdə də azad iqtisadi zonaların yaradılması məsələsi aktuallaşdırır. Agentlik yeni azad iqtisadi zonaların yaradılması səlahiyyətinə də malikdir. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra regionda yeni azad iqtisadi zonaların yaradılması prioritetliyini daha da artırıb. İşğaldan azad olunmuş bölgələrimizin bu istiqamətdə potensialı kifayət qədər genişdir. Həmin bölgələrdə yeni və müasir infrastrukturun formalaşması bu sahədə imkanları daha da genişləndirir. Qeyri-neft sektoruna xarici sərmayələrin daha çox cəlb edilməsi üçün yeni azad iqtisadi zonaların yaradılması istisna edilmir. Bu, işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın formalaşması və ölkə iqtisadiyyatına reinteqrasiyası baxımından da vacibdir.
Ramil QULİYEV