Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirləri 10 milyard 589 milyon 701,9 min manat, xərcləri isə 12 milyard 789 milyon 674,6 min manat məbləğində təsdiq edildi.
Artıq bir neçə ildir ki, Neft Fondu qazandığından artıq xərcləyir. Özü də bu, artan xətt üzrə inkişaf edir. Hansı ki, əksinə olmalı idi. Yəni qeyri-neft sektoruna qoyulan sərmayələr bu sahənin inkişafına səbəb olmalı idi. Daha sonra bu sektordan büdcəyə daxil olan vəsaitlərin həcmi artmalı idi. Başqa bir tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycanda neft hasilatı sürətlə azalır. Üstəlik, dənizin dərinliklərindən hasil olunan neftin maya dəyəri də artır. Məsələn, 2010-cu ildə Azərbaycanda 50 milyon ton neft çıxarılmışdısa, 2019-cu ildə bu olub 37 milyon 517,6 min ton, 2020-ci ildə 31, 6 milyon ton. Bu il hasilatın əvvəlki ilə nisbətən azalacağı proqnozlaşdırılır. Göründüyü kimi, hasilat ilbəil azalır, Fondun xərcləri isə artır. Bu gedişlə valyuta ehtiyatlarımız tükənə bilərmi? Gələcək nəsil üçün neft pullarını saxlamaq mümkün olacaqmı?
“Pandemiya səbəbindən edilən yardımlar, işğaldan azad edilən ərazilərin bərpası və...”
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Neft Fondunun xərclərinin ilbəil artması gələcək üçün yaxşı perspektiv vəd etmir: “Düzdür, Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Ancaq buna arxayın olub Neft Fondunun xərclərinin gəlirləri üstələməsi yaxşı hal deyil. Ona görə ki, neft tükənən sərvətdir. Üstəlik bizdə hasilat da azalır. O üzdən, neft gəlirlərindən maksimum səmərəli istifadə edilməlidir. Nəzərə almaq lazımdır ki, Fondun gəlirlərinin əsas mənbəyini təşkil edən Azəri-Çıraq-Günəşli yatağı üzrə növbəti ildə hasilat həcminin cari ilə nisbətən 1,5 milyon barrel azalacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, 2022-ci Azərbaycanda neft hasilatı 2021-ci illə müqayisədə az olacaq. Eyni zamanda, neftdən əldə olunan gəlirlər azalacaq. Bizi vəziyyətən çıxaran neftin dünya bazar qiymətinin yüksək olması və Cənub Qaz Dəhlizi vasitəsi ilə qaz ixracının həyata keçirilməsidir. Yoxsa çətin olacaqdı. Çünki hələ də Azərbaycanın ixracatının 90 faizini neft və neft məhsulları təşkil edir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı çoxsaylı fikirlər səsləndirilsə də, bir sıra layihələr həyata keçirilsə də bu sahədə vəziyyət arzuolunan səviyyədə deyil. Ona görə də hesab edirəm ki, bu gedişlə ölkənin valyuta ehtiyatlarını qorumaq çətin olacaq. Düzdür, pandemiya səbəbindən edilən yardımlar, işğaldan azad edilən ərazilərin bərpası və digər bu kimi məsələlər xərclərin artmasına öz təsirini göstərir. Ancaq maksimum çalışmaq lazımdır ki, Fondun xərcləri gəlirlərini üstələməsin. Çünki uzun müddət belə davam edə bilməz. Üstəlik, dünya iqtisadiyyatında özünü göstərən bir sıra mənfi tendensiyalar nikbin olmağa əsas vermir”.
Bu səbəbdən ekspert hesab edir ki, valyuta ehtiyatlarından səmərəli istifadə etmək lazımdır.
Vidadi ORDAHALLI