Yeni il bayramına sayılı günlər qalıb. Bütün mağazalar, iri ticarət mərkəzləri, ayrı-ayrı dükanların piştaxtaları Yeni il bayramının aksesuarları ilə bəzədilib. Əlbəttə, görüntü olaraq şəhərdə gözəl ab-hava yaranıb. Amma insanlar bildirir ki, qiymətlərin baha olmasına görə bu gözəlliyə yalnız baxıb keçməkdən başqa çarələri qalmır.
Bayram alış-verişi üçün paytaxtın müxtəlif yerlərində yarmarkalar təşkil olunub. Yarmarkaların təşkil edilməsində məqsəd aztəminatlı ailələrin ordan daha rahat alış-veriş edə bilməsidir. Ancaq bu il yarmarkalarda fərqli mənzərə müşahidə olunur. Yarmarkalardan alış-veriş edənlər qiymətlərdən narazılıq edir. Deyilənə görə, yarmarkalarda satılan məhsulların qiyməti market və bazar qiyməti ilə eynilik təşkil edir.
“Qiymətləri dövlət tənzimləmədiyinə görə, o, tələb-təklif qaydalarına, rəqabətli mühitə əsasən formalaşmalıdır”
İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, qiymətləri dövlət tənzimləmədiyinə görə, o, tələb-təklif qaydalarına, rəqabətli mühitə əsasən formalaşmalıdır: “Dövlətin müdaxilə etmə ixtiyarı yoxdur. Elə yaxşı ki yoxdur. Çünki sovet dövründə dövlətin qiymətə müdaxiləsi piştaxtalardan məhsulların itməsi, növbə və kalon sisteminin yaranması ilə yadda qaldı. Ona görə dövlətin əsas işi rəqabətli mühitin genişləndirilməsi, fermerlər üçün əlavə xərclərin aradan qaldırılmasıdır”.
Ekspert hesab edir ki, fermerlərin birbaşa yarmarkaya çıxış əldə etmə imkanı asanlaşdırılmalıdır: “Dövlətin əsas işi fermerlərin, aqrar sahədə çalışanların birbaşa satışa çıxmasını təmin etməkdir. Bunun üçün müəyyən addımlar atmalıdır. O zaman yarmarkaların mənası olacaq. Mənfi xüsusiyyətlər aradan qaldırılmalıdır. Məsələn, hökumət bu ilin yanvar ayında dizel yanacağının qiymətini 34 faiz artıranda bilməli idi ki, bu, kənd təsərrüfatı məhsullarına təsir edəcək. Bütövlükdə, rəqabətli mühitin yaradılması, kənddən süfrəyə prinsipinə əməl olunması əsasdır. Bu olarsa, qiymətlərdə təbii tənzimləməni görmək mümkündür”.
Günel CƏLİLOVA