“Sosial-Psixoloji Təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələri zamanı məlum olub ki, Azərbaycanda ailələrin 54.4 faizinin kredit borcu var. Bu barədə Trend məlumat yayıb.
Rəyi öyrənilənlərin yarısından bir az çoxunun (54.4%) ödəməli olduğu kredit, 28.3 %-nin isə ödəməli olduğu borcu var. 25 faiz ailə isə kənar şəxsə borc verdiyini bildirib. “Borc verməyənlərin sayının 75.0 faiz olması yüksək rəqəm olub, ailələrin maddi vəziyyətinin borc verəcək səviyyədə olmadığını göstərir”, - tədqiqatın nəticələrində deyilir.
Azərbaycan əhalisinin 82 faizi borc içindədi və insanlar ya bir- birinə, ya da banklara borcludurlar. Azərbaycanda ailələrin 54 faizindən çoxunun kredit borcu, yaxud başqa bir şəxsə borclu olması nələrə yol aça bilər?
“Bu problemin mövcudluğu çoxdan hiss olunmaqdadır”
İqtisadçı ekspert Akif Nəsirli bizimlə söhbətində bildirdi ki, bu, ölkə əhalisinin yaşayış səviyyəsinin göstəricisidir. “Bu problemin mövcudluğu çoxdan hiss olunmaqdadır. Məsələn, boşanmaların sayının artması, çoxuşaqlı ailələrin sayının minimuma enməsi, hazırda evlənmək istəməyən gənclərimizin sayının çoxalması və sairin hamısı bu sorğunun ortaya çıxartdığı rəqəmlərin nəticəsdir. Yəni bu gün elə insanlar var ki, ailə kimi birlikdə yaşayırlar, uşaq dünyaya gətirmək istəmirlər. Bu gün ailələrdə bir, yaxud maksimum iki uşaq dünyaya gətir, ondan artıq uşaq istəmirlər. Azərbaycan vətəndaşları niyə uşaq istəmirlər, niyə nəsli davam etdirmək üçün narahat deyillər? Bunun hamısına səbəb maddi vəziyyətin aşağı səviyyədə olmasıdır. Hazırda Azərbaycanda əhalinin gəlirləri minimum səviyyədədir. Bu, hardasa, Azərbaycan hökümətinin 20 illik iqtisadi siyasətinin nəticəsidir. Hesab eidrəm ki, bu vəziyyət yaxın gələcəkdə də davam edəcək. Yəni bu vəziyyətin davam etməsi də Azərbaycanda demoqrafik fəlakətə gətirib çıxara bilər”.
Ekspertin fikrincə, bu, əhalinin sayının get-gedə azalmasına səbəb ola, Azərbaycan xalqının genofondu sıradan çıxa bilər. “Ona görə də hesab edirəm ki, hökümət hazırda yürütdüyü iqtisadi siyasəti dəyişməlidir. Hazırda yürütdüyü iqtisadi siyasət son bir ildə bir qədər də intensivləşib. Yəni burada hökümət əhalinin gəlirlərinin aşağı səviyyəsinə yox, yuxarı səviyyəsinə nəzarət edir. Müəyyən bəlli bir hədd var ki, əhalinin gəlirlərinin o həddən yuxarı artmasını istəmir. Fikir verirsiz, xaricdə bir tərəfdən qiymətlər qalxır, digər tərəfdən ölkənin daxilində qiymətlər qalxır, o biri tərəfdən də Azərbaycan hökuməti öz nəzarətində olan qiymətləri qaldırır. Bununla da inflyasiyanı sürətləndirir. İnflyasiyanın sürətlənməsi isə əhalinin gəlirlərinin bir qədər də aşağı düşməsidir. Əhalinin sabit olaraq nominal gəlirləri qalsa da, real olaraq gəlirlər azalır. Bu nə deməkdir? Məsələn, bir ailə, tutaq ki, min manat gəlirə malikdir. O min manatla ilin əvvəlində aldığı lazımı məhsulları ilin ortasında artıq ala bilmir, ona pulu çatmır. Yəni hər şey bahalaşıb, vətəndaşın əldə etdiyi nominal gəlir real olaraq ölür, gücdən düşür, infilyasiyaya uğrayır. Bax, bu şəkildə Azərbaycan hökuməti Azərbaycan əhalisinin real gəlirlərini aşağı salır”.
A.Nəsirli hesab edir ki, hökumət bu siyasəti dayandırmalı və ölkə əhalisinin gəlirlərinin artırılması istiqamətində kompleks tədbirlər görməlidir: “Bu tədbirlər görülməsə, yuxarıda qeyd etdiyim kimi, ən azı demoqrafik problemlər yaşayacağıq və bundan əlavə, sosial vəziyyət gərginləşə, hətta bu məsələ sosial partlayışa aparıb çıxara bilər. Bütün hallarda, Azərbaycan əhalisinin 82 faizinin borc içində olması böyük sosial fəlakətə səbəb ola bilər. Bunun qarşısının alınması üçün hökümət tərəfindən ciddi addımlar atılmalıdır”.
İradə SARIYEVA