Azərbaycanın bölgələri üzrə məşğulluğun strukturunda aqrar sektorun payına görə ilk 5-likdə olan rayonlar bunlardır: Cəlilabad - 61,5%, Masallı - 61%, Zaqatala - 59%, Xaçmaz - 58%, Samux, Gədəbəy, Şəmkir Tovuz, Astara - 56%. Yerdə qalan bütün bölgələrin yeri 29-55% arasındadır.
Məşğulluqda kənd təsərrüfatı üzrə ən aşağı xüsusi çəkiyə malik 5 bölgə isə bunlardır: Xızı - 29%, Daşkəsən - 42%, Qax - 43,5%, Siyəzən - 45%, Ağstafa - 46,5%,. Digər bölgələrin yeri 47-55% arasında dəyişir. Bir sıra ölkələrdə əhalinin daha çox şəhərlərə köç etməsi müşahidə edilir, amma həmin ölkələrdə bu, aqrar sektorda məşğulluğun səviyyəsinə elə də təsir etmir. Ancaq Azərbaycanda biz tamamilə fərqli mənzərə müşahidə edirik. Baxmayaraq ki, aqrar potensialı böyük olan rayonlar ölkədə az deyil. Maraqlıdır, bir sıra rayonların kifayət qədər güclü potensialı olduğu halda niyə məşğulluğun strukturunda aqrar sektorun payı bu qədər aşağıdır? Problem nədədir?
“Xüsusən sənayenin payının artması aqrar sektorda məşğulluğun azalmasına təsir göstərir”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov bunu bir sıra amillərlə əlaqələndirdi: “Məsələ ondadır ki, bir sıra rayonlarda sənayeləşmə sürətlə inkişaf edir. Həmin rayonlarda sənaye məhsullarının ıstehsalında artım müşahidə edilir. Bu da həmin rayonlarda məşğulluğun strukturunda aqrar sektorun payının azalmasına səbəb olur. Eyni zamanda elə rayonlarımız var ki, orada turizm və xidmət sektorunda inkişaf var. Bu da nəticə etibarı ilə aqrar sektorun payının azalmasına gətirib çıxarır. Aqrar sektor zəhmət çox tələb edir, qoyulan sərmayənin böyük hissəsi maya dəyərinə gedir və s. Bu baxımdan vətəndaşlar daha çox sənaye və xidmət sahələrində çalışmağa üstünlük verirlər. Nəzərə almaq lazımdır ki, bütövlükdə aqrar sektor məşğulluğun 18 faizini formalaşdırır. Ancaq rayonlar üzrə bu dəyişir. Digər tərəfdən, rayonların sənayeləşdirilməsi və sənaye məhsulu istehsalının artırılması əsas hədəflərdən biridir. Deməyim odur ki, praktiki olaraq rayonların iqtisadi xəritəsinin dəyişməsi müşahidə edilir. Elə rayonlar var ki, orada məhsuldar torpaqların payı elə də böyük deyil. Bu da müəyyən qədər öz təsirini göstərir. Xüsusən sənayenin payının artması aqrar sektorda məşğulluğun azalmasına təsir göstərir. Ona görə də bölgələrdə aqrar məhsulların emalını genişləndirmək lazımdır. Elə etmək lazımdır ki, məhsul təkcə xammal şəklində satılmasın. Yaxın ərazilərdəki emal müəssisələrinə yönəldilsin. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilən rayonların məhsuldar torpaq fondu kifayət qədər böyükdür. Bu isə onu deməyə əsas verir ki, həmin rayonlar aqrar məhsul istehsalına xüsusi töhfə verəcək”.
Bütün bunlarla yanaşı, millət vəkili hesab edir ki, aqrar məhsul emalına xüsusi önəm verilməlidir.
Vidadi ORDAHALLI