Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov qeyd edib ki, büdcə xərclərinin icra səviyyəsi aşağıdır.
O cümlədən nazir vurğulayıb ki, Neft Fondundan büdcəyə edilən transfertlər azalır: “İqtisadiyyat Nazirliyi ilə bu problemlərin həll edilməsi üçün razılığa gəlmişik. İcraçı təşkilatlardan çox şeylər asılıdır. Dövlət Neft Fondundan olan transfertlər növbəti il keçid layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Burada Neft Fondundan xərcləri artırdığımız deyildi. Əksinə, biz xərcləri artırmırıq. İki ilin nəticələrini təhlil etsək, görürük ki, transfert azalır”.
Bu necə azalmadır ki, statistik rəqəmlər deyilənlərin əksini göstərir? Məsələn, 2018-ci ildə Neft Fondundan büdcəyə transfert 9 mlrd. 216 mln manat, 2019-cu ildə 11 mlrd. 344 mln. manat, 2020-ci ildə transfert 11 mlrd. 350 mln. manat, 2021-ci ildə 12 mlrd. 200 mln. manat olub. 2022-ci ildə isə NF-dan büdcəyə 12 mlrd. 710 mln. manat transfert olacağı nəzərdə tutulub. Belə olan halda nazir hansı azalmanı nəzərdə tutur?
“Zaman-zaman büdcənin neftdən asılılığının azaldılması ilə bağlı fikirlər səsləndirilir, amma ortada ciddi nəticə yoxdur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı alim, professor Əli Əlirzayevin fikrincə, görünür, nazir nisbi azalmadan çıxış edərək bu qənaətə gəlir: “Yəni əvvəlki illərlərə baxanda. milyardlarla artımdan söhbət getmir. Yoxsa belə baxanda azalma baş vermir. Məsələn, bu ilin büdcəsi ilə müqayisədə gələn il Neft Fondundan 500 milyon manatdan çox transfert nəzərdə tutulub. O zaman hansı azalmadan söhbət gedir? Təəssüflər olsun ki, hələ də Neft Fondundan edilən transfertlər büdcənin formalaşmağında önəmli rol oynayır. Bunun davamlı hal alması olduqca zərərli tendensiyadır. Zaman-zaman büdcənin neftdən asılılığının azaldılması ilə bağlı fikirlər səsləndirilir, amma ortada ciddi nəticə yoxdur. Əslində büdcə digər mənbələr hesabına formalaşsa daha yaxşı olar. Ölkədə ümumi daxili məhsul artırsa, vergi bazası genişlənməlidir. O zaman dövlət büdcəsinin gəlirləri artacaq. Bunun üçün ölkədə kölgə iqtisadiyyatının miqyası, vergidən yayınma halları minimuma endirilməlidir. Ölkənin iqtisadi potensialı düzgün dəyərləndirilməlidir. Ölkədə qeyri-neft sektorunun real inkişafına hərtərəfli əlverişli şərait yaratmaq lazımdır. Həm yerli, həm də xarici sərmayədarlar iqtisadiyyata investisiya qoymaqda maraqlı olsunlar. Yalnız o halda büdcənin neftdən asılılığını azaltmaq olar. Yoxsa büdcənin neftdən asılılığı daha da artacaq”.
Bu baxımdan professor hesab edir ki, bu istiqamətdə ciddi işlər görülməlidir.
Vidadi ORDAHALLI