Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qida normasında hər bir şəxsin ilboyu 405 kiloqram ağartı istehlak etməsi müəyyən edilib. Ötən il Azərbaycanda adambaşına ağartı, yəni süd və süd məhsulları istehlakı 11 kiloqram artıb. Ancaq bu göstəricini yetərli saymaq olmaz. Sonuncu rəsmi rəqəmlərə görə, ölkədə adambaşına ağartı istehlakı 257.6 kiloqramdır. Bu isə ÜST-ün müəyyənləşdirdiyi normanın cəmi 65 faizə yaxını deməkdir.
Təəssüf doğuran məqam həm də ondan ibarətdir ki, biz sözügedən sahədə qonşu ölkələrdən də geridəyik. Problem ondadır ki, adambaşına istehsala görə Azərbaycan bir sıra MDB ölkələrindən geri qalır. Ötən il Azərbaycanda təxminən 192 min 500 ton, yəni adambaşına 218 kiloqram süd və süd məhsulu istehsal edilib. Müqayisə üçün qeyd edək ki, MDB ölkələri arasında Belarusda bu göstəricisi 774 kiloqram, Özbəkistanda 318 kiloqram, Qazaxıstanda 309 kiloqram, Ermənistanda isə 235 kiloqram olub.
Maraqlıdır, Azərbaycanın yetərincə potensialı ola-ola niyə sözügedən məhsul istehsalında bu qədər geri qalırıq?
“Heç də bütün fermerlərin subsidiyalara çıxış imkanı yoxdur”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov bunun səbəbini bu sahədə mövcud olan problemlərlə əlaqələndirdi: “Başlıca problem onunla bağlıdır ki, Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq sahəsində məhsuldarlığın artmasını təşkil edə bilmir. Soruşanda da min cür bəhanə ilə çıxış edirlər. Aqrolizinq xətti ilə ölkəyə xaricdən böyük valyuta hesabına cins heyvanlar gətirilsə də, süd və süd məhsullarının istehsalı aşağı olaraq qalır. Bunu statistik rəqəmlər də təstiq edir. Məsələn, 2020-ci ilin göstəricilərinə görə, ölkənin süd və süd məhsullarına olan ehtiyacının 17 faizdən çoxu, yəni 461 min tonu idxal hesabına ödənilib. Rəsmi məlumatlara görə, ötən il ölkəyə 10 min tona yaxın süd gətirilib. Bu qədər südün idxalı ölkəyə 15.3 milyon dollara başa gəlib. Ötən il ölkədə süd və süd məhsullarının pərakəndə ticarət dövriyyəsi 726 milyon manat olub. Bütün bunlar onu göstərir ki, istehsalın təşkilində mövcud olan problemlər qalmaqdaır. Heç də bütün fermerlərin subsidiyalara çıxış imkanı yoxdur. Əgər heyvandarlığın inkişafı ilə bağlı real və kompleks xarakterli işlər görülsə, konkret proqramlar olsa, o zaman Azərbaycan istehsal səviyyəsinə görə MDB ölkələrindən bu qədər geri qalmaz”.
Ekspert onu da qeyd etdi ki, heyvandarlıq sahəsində artıma nail olmaq üçün həll ediləsi problemlər çoxdur.
Vidadi ORDAHALLI