Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən 4,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,9 faiz artıb.
Bu nəticələr onu göstərir ki, ölkədə bahalaşma gedir, inlfyasiya sürətli şəkildə artır. Belə olan halda manatın məzənnəsini hansı təhlükə gözləyə bilər?
“İnflyasiyanın qarşısını almaq üçün iqtisadiyyatda atılan addımlar normallaşmalıdır ki, qiymət artımı daha da sürətlənməsin”
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda inflyasiya və devalvasiya bir az fərqli şəkildə özünü göstərir: “Manatın dəyərdən düşməsi prosesi çox sürətlə gedir. Amma bu, devalvasiya olacaq demək deyil. Məlumdur ki, Azərbaycan manatının məzənnəsi birjalarda müəyyən olunmur, inzibati qaydada Mərkəzi Bank və hökümət tərəfindən müəyyənləşdirilir. Uzun müddətdir ki, Azərbaycanda valyuta bazarı özünü sabit şəkildə göstərir. Ona görə də dünyada və qonşuda gedən proseslərin bizə birbaşa təsiri yoxdur. Amma manatın dəyərdən düşməsi alıcılıq qabiliyyətində özünü büruzə verir. Manatın alıcılıq qabiliyyəti kifayət qədər düşür, bunun özü də ən azı devalvasiya qədər təhlükəli bir məsələdir”.
Iqtisadçı onu da əlavə etdi ki, ölkəmizdə uzun illərdir sosial müdafiə ilə bağlı addımlar atılır, minimum əməkhaqqı və sosial müavinətlər artırılır. Amma elə həmin vaxtdan Azərbaycanda inflyasiya sürətlə artmağa başlayıb: “Bu ilin əvvəlindən isə qiymətlər fantastik dərəcədə yüksəlib. İndi biz hər həftə qiymət artımının şahidi oluruq. Rəsmi inflyasiya 5 faiz göstərilsə də, ərzağın inflyasiyası daha yüksəkdir. Təkcə rəsmi rəqəmlərə görə, ərzaq məhsullarında 9 faiz bahalaşma var. Reallıqda isə bundan qat-qat çoxdur. İnflyasiyanın qarşısını almaq üçün iqtisadiyyatda atılan addımlar normallaşmalıdır ki, qiymət artımı daha da sürətlənməsin. Əks halda, pul dəyərini itirəcək. Ona görə də hökumət sosial paketləri açıqlayarkən yoxsul təbəqəyə daha çox fikir verməli, paralel olaraq iqtisadiyyatda olan problemlərin həlli istiqamətində addımlar atmalıdır ki, maaş artımları insanların dolanışığına, gəlirlərinin artmasına səbəb olsun”.
Günel CƏLİLOVA