Azərbaycanda bank kreditlərinin faiz dərəcələrinin yüksək olması barədə indiyə qədər ekspertlər və media tərəfindən yetərincə məlumat verilib. Yüksək faiz dərəcələrinin bankların müştərilərinin azalmasına təsir göstərən önəmli faktorlardan biri olduğu da dəfələrlə vurğulanıb.
O da məlumdur ki, pandemiya ilə əlaqədar olaraq əhalinin kredit götürmək imkanları xeyli zəifləməklə yanaşı, vətəndaşların banklara etibarı azaldığından, banklarda əmanətlərin də həcmi kəskin surətdə aşağı düşüb. Ancaq buna baxmayaraq, banklar kredit faizlərini endirmək haqqında belə düşünmür.
Ekspertlərin bildirdiyinə görə, bu gün Azərbaycanda kredit faizləri çox yüksəkdir. Eyni zamanda, kredit şərtləri də ağırdır. Belə vəziyyətdə kiçik və orta sahibkarlar uzunmüddətli planlar qura bilmir. Kredit ən yaxşı halda 5 illiyə verilir, faizlər yüksək olur, nəticədə aylıq ödənişlər böyük məbləğlərdə ifadə olunur. Xüsusilə aqrar sektorda çalışan sahibkarların belə qısamüddətli və bahalı kreditlərlə hansısa biznes layihəsini həyata keçirməsi mümkün deyil.
Kredit faizlərinin yüksək olması sahibkarlıqla məşğul olanların da fəaliyyətinə mənfi təsir. Məlumdur ki, biznes kreditlərinin faiz dərəcələrinin yüksək olması kiçik və orta sahibkarlığın inkişafına təsir edir.
“Bu gün biznes kreditləri çox yüksək faizlərlə təklif olunur ki, bu da kiçik və orta sahibkarlığın inkişafına ən böyük maneələrdən biridir”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, Azərbaycanda bank və kredit faizləri çox yüksəkdir. Bu, biznesin inkişafına mane olan əsas amillərdəndir: “Danılmaz faktdır ki, bank sektorunda rəqabətsizlik mühiti var. Çünki bank seqmentinin böyük bir hissəsi, təqribən 80 faizi 5-6 bankın nəzarətindədir”.
N.Cəfərlinin sözlərinə görə, bank faizlərinin yüksək olması banklar arasında olan rəqabətsizliklə bağlıdır: “Bu gün biznes kreditləri çox yüksək faizlərlə təklif olunur ki, bu da kiçik və orta sahibkarlığın inkişafına ən böyük maneələrdən biridir. Kredit faizlərinin yüksək olmasının qarşısını almaq üçün bank bazarında rəqabət güclənməlidir. Bu da ümumi iqtisadi inkişafa ciddi töhfə verə bilər”.
Günel CƏLİLOVA