Açıqlanan statistik rəqəmlərə əsasən, 2020-ci ildə Azərbaycanda yoxsulluq həddi 195 manata, yoxsulluq səviyyəsi 6,2 faizə yüksəlib. 2019-cu ildə yoxsulluq həddi 185,5 manat, yoxsulluq səviyyəsi 4,8 faiz idi.
Ötən il yoxsulluq səviyyəsindəki artım hesabına əhalinin yoxsul hissəsi 2011-ci ildən sonrakı ən yüksək səviyyəyə çatıb. 2011-ci ildə əhalinin 7,6 faizi, 2001-ci ildə 49 faizi yoxsul idi.
“Karantin rejimi ilə əlaqədar olaraq bəzi sahələrdə iş yerləri bağlandı, əməkhaqları azaldı, bu da yoxsulluq səviyyəsinə təsir etdi”
Yoxsulluq səviyyəsinin nə səbəbdən yüksəlməsi barədə fikir bildirən iqtisadçı-ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, koronavirus infeksiyası ilə əlaqədar olaraq ölkədə bir ildən çoxdur karantin rejimi hökm sürür: “Karantin rejiminin tələbinə əsasən, ölkədə müəyyən müddət sərt karantin tətbiq edildi. Təbii ki, bəzi sahələrdə iş yerləri bağlandı. Bununla yanaşı, əməkhaqları azaldı, hətta bu hal müavinətlərə də təsir etdi. Bu kimi faktlar, istər-istəməz, insanların həyat səviyyəsinə təsir edən amillərdəndir. Yoxsulluq səviyyəsinin azalması gözlənilirdi. Bununla bağlı müəyyən fikirlər də səslənirdi”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, yoxsulluq səviyyəsinin artmasında bəzi qurumların da rolu var: “Həmin qurumların yarıtmaz fəaliyyəti nəticəsində qiymətlərdə artım qeydə alınır. Bu sahədə yaşanan problemlərin həll olunması üçün müəyyən işlər görülməlidir. Hesab edirəm ki, qarşıdakı illərdə yoxsulluq səviyyəsində qeydə alınan artım azalacaq”.
Günel CƏLİLOVA