“Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir”. Məlum olduğu kimi, bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, açıq-aydın dərk edirdik ki, iqtisadi müstəqillik olmasa, biz istədiyimizə nail ola bilmərik: “Çünki biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Bizim vəsaitimiz yox idi, xəzinə boş idi, inflyasiya min faiz səviyyəsində idi, kütləvi işsizlik və səfalət hökm sürürdü, biz iqtisadi cəhətdən asılı vəziyyətdə idik. Ona görə iqtisadi müstəqillik əldə etmək Prezident kimi mənim başlıca vəzifələrimdən biri idi və biz bunu artıq neçə ildir ki, təmin etmişik. Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir. Təkcə onu demək kifayətdir ki, bu gün inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumdaxili məhsulundan daha çoxdur. Amma Azərbaycanda xarici borc ümumdaxili məhsulun heç 20 faizini təşkil etmir. Bundan əlavə, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir. Ona görə iqtisadi müstəqilliyi əldə etmək, özü də çətin geosiyasi vəziyyətdə və o qədər də böyük maliyyə resursumuz olmayan dövrdə əsl siyasi məharət və uzaqgörənlik tələb edirdi və biz buna nail olduq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil. Əksinə, Azərbaycan özü kömək göstərir, Azərbaycan donor ölkədir, pandemiya dövründə 30-dan çox ölkəyə kömək göstərib”.
Ümumilikdə, Azərbaycanın əldə etdiyi bu üstünlüyü ekspertlər necə dəyərləndirirlər?
“Vətən müharibəsində zəfər qazanmağımızın əsas səbəblərindən biri də məhz ölkə iqtisadiyyatının müstəqil olması və...”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov bununla bağlı bir sıra məqamlara toxundu: “Azərbaycanın 44 günlük Vətən müharibəsində zəfər qazanmasının əsas səbəblərindən biri də məhz ölkə iqtisadiyyatının müstəqil olması və xarici asılılığın olmaması idi. Çünki iqtisadi asılılığın olmaması, eyni zamanda, ölkənin xarici borcunun ÜDM-ə nisbətdə payına görə də müəyyənləşir. Azərbaycanın xarici borcunun ÜDM-dəki payı 20 faizdən azdır. Halbuki, pandemiya ilə əlaqədar bir sıra ölkələrdə xarici borc ÜDM-ə nisbətdə xeyli artıb. Müqayisə üçün qeyd edim ki, Ermənistanda xarici borc ÜDM-ə nisbətdə bir neçə dəfə böyükdür. Bu o deməkdir ki, Ermənistan ÜDM-ni tam olaraq xarici borca yönəltsə belə, borcunu bağlaya bilməz. Bu, əslində, Ermənistan iqtisadiyyatının xarici faktorlardan nə qədər çox asılı olduğunu göstərir. Azərbaycanda bu sahədə vəziyyətin yaxşı olması bir sıra üstünlüklərin əldə olunmasına şərait yaradıb. Həmçinin, regional layihələrin həyata keçirilməsinə imkan verib. Ən başlıcası, bu, ölkənin iqtisadi inkişafı üçün yeni imkanlar açır”.
Millət vəkili onu da qeyd etdi ki, bu həm də iqtisadi islahatların dərinləşməsinə təkan verəcək.
Vidadi ORDAHALLI