Sabirabadın Çöl Beşdəli kəndinin sakinləri pambıqçılıq sahəsində problem yaşayırlar. Kənd sakini Avtandil Əliyev pambıq sarıdan narahatdır:
“Kəndin ərazisindəki sahələrdə pambıq əkininə üstünlük verən hökumət suvarma məsələsini həll etsə də, su vaxtında verilmədiyi üçün sahələr “külə dönür”. Bu qədər xərc çəkilir, ortada həm pulumuz gedir, həm əziyyətimiz. Ancaq sahələrə suyu açmaq üçün əlavə pul istənildiyindən, imkanı çatmayanlar da o əlavə pulu verə bilmədiyindən, pambıq sahələrimiz yanır. Kimin pulu varsa, əlavə pulunu ödəyir, sahəsini suvarır, mənim kimi imkansız kəndlilərinsə gücü pambıq sahəsinin yanıb məhv olmasına tamaşa etməkdən başqa heç nəyə çatmır. Hər il zavoda borclu qalıram. Bu il martın 19-da yenə 3 hektar sahədə pambıq əkmişəm, bircə dəfə də suvara bilməmişəm, sahəyə baxanda ürəyim ağrıyır. Suvarma suyuna görə qanuni ödəniş nədirsə, ona gücüm çatır, ancaq əlavə istənilən pulları verə bilmirəm. Nəticədə sahə susuzluqdan yanır. Bütün əziyyətim, son qəpiyim sanki havaya sovrulub”.
Qeyd edək ki, 2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrildi. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan etmişdi. Onu da qeyd edək ki, həmin il Prezidentin verdiyi sərəncamla emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə istehsalçılara 0,1 manat subsidiya verilməsi də qərara alınmışdı.
Bir neçə il öncə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən müşavirədə bölgələrdə suvarılma sahəsində problem yaşandığını bəyan etmişdi. Prezident İlham Əliyev qeyd etmişdi ki, suvarma problemi ilə əlaqədar bu işin həyata keçirilməsində çətinliklər yaşanır. Hətta bəzi şəxslər sahənin suvarılmasında fermerlərə çətinliklər yaşadırlar.
Belə bir hal bu günlərdə Sabirabadın Çöl Beşdəli kəndində qeydə alınıb.
“...narazılığı olan idarəyə müraciət etsə yaxşı olar”
Məsələ ilə bağlı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Sabirabad Suvarma Sistemləri İdarəsindən bildirildi ki, sahələrin suvarılması üçün kifayət qədər su ehtiyatı var. Sahələr növbəli qaydada suvarılır: “Çöl Beşdəli kəndindəki əkin sahələrinə də qaydasında su verilir. Narazılığı olan idarəyə müraciət etsə, araşdırılar, tədbir görülər”.
Günel CƏLİLOVA