Tikinti materiallarının bahalaşması mənzillərin qiymətində özünü qabarıq göstərməyə başladı

Ramil Osmanlı: “Hazırda yeni tikililərə tələbat o qədər də yüksək deyil, amma qiymət artımları var”

img

Yay mövsümünün gəlişi ilə əlaqədar bina və həyət evlərini təmir etdirmək istəyən insanların sayı artıb. Bu artım isə tikinti və təmir materiallarının qiymətinin artmasına birbaşa təsir edib. Hazırda inşaat materiallarının qiymətində 30%-ə qədər bahalaşma müşahidə edilir.

Qeyd edək ki, inşaat materiallarının qiymətindəki ən yüksək artım sonuncu dəfə 2006-2007-ci illərdə meydana gəlib. Həmin vaxt ən çox bahalaşma armaturun qiymətində müşahidə edilib. Təxminən 20-25 faiz artım olub.

Tikinti materiallarında nəzərəçarpacaq dərəcədə bahalaşmanın olması daşınmaz əmlak sektorunda da qiymət artımı yaradıb. Qiymət artımı əsasən çoxmərtəbəli binalarda qeydə alınır.

  • “...bahalaşma 20 faizi keçəcək”

Daşınmaz əmlak eksperti Ramil Osmanlı qeyd etdi ki, əvvəllər qiymət artımı daha çox xaricdən gətirilən tikinti materiallarında, idxal məhsullarında baş verirdi. İndi yerli məhsulların da qiyməti qalxır: “Bunun səbəbi yanacağın bahalaşması ilə yanaşı, işğaldan azad olunan ərazilərdə tikinti tempinin sürətli artımı, eləcə də, ümumiyyətlə, tikinti mövsümünün başlanması ilə tikinti materiallarına tələbatın yüksəlməsidir. İşğaldan azad olunan ərazilərə həddən artıq tikinti materalları daşınır və bu da paytaxtın tikinti materalları bazarında tələbi xeyli artırıb. Hazırda qiymətlər gündəlik dəyişir. Artıq hər gün tikinti materiallarının qiymətində dəyişikliklər qeydə alınır”.

Həmsöhbətimizin sözlərinə görə, tikinti materiallarının bahalaşması nəticəsində artıq yeni tikililərdə 10-14 faiz qiymət artımı baş verib, qarşıda isə bahalaşma 20 faizi keçəcək: “Fevralda hər kvadratmetr üçün 200 manata verilən təklif artıq 280 manata yüksəlib. Belə hallar kifayət qədərdir. Hesab edirəm ki, yeni tikililərdə 20 faizlik artım olacaq, indiyədək 10-14 faiz bahalaşma artıq olub. Baxmayaraq ki, hazırda yeni tikililərə tələbat o qədər də yüksək deyil, amma qiymət artımları var”.

Günel CƏLİLOVA

Son xəbərlər