Banklarımızın istismarçı kredit siyasəti BVF-ni də dilə gətirdi...

Firdovsi Şahbazov: “Bizdə banklar yüksək faizlər hesabına daha çox qazanmaq istəyirlər”

img

Azərbaycanda bankların kreditləri yüksək faizlə verməsi hətta Beynəlxalq Valyuta Fondunu da narahat etməyə başlayıb. BVF-nin Azərbaycana dair hesabatında qeyd edilib ki, kredit siyasəti yumşalsa da, faizlər enməyib. Ölkə iqtisadiyyatında zəif pul-kredit transmissiyası ucbatından bank kredit faizləri yalnız orta dərəcədə azalıb və yüksək səviyyədə qalmaqda davam edib. Pul siyasətinin transmissiya mexanizmi dedikdə Mərkəzi Bankın pul siyasəti qərarlarının iqtisadiyyata təsiri (ötürülməsi) prosesi nəzərdə tutulur.

Hesabatda o da qeyd edilir ki, Azərbaycanda dövlət vəsaitindən daha səmərəli istifadə, bu sahədəki şəffaflığın artırılması, subsidiya və vergi sisteminin daha da təkmilləşdirilməsi, maliyyə risqi və nəzarəti sahələrində fəaliyyətin yaxşılaşdırılması ölkənin maliyyə sisteminin sağlamlaşdırılmasında önəmli rol oynaya bilər.

Hesabatda pandemiyanın əhaliyə və biznes subyektlərinə təsirini azaltmaq baxımından maliyyə balansının profisitdən kəsirə keçməsi məqsədəuyğun sayılıb. Eyni zamanda, o da vurğulanır ki, iqtisadi fəaliyyətin sağlam şəkildə davam edəcəyi vaxtadək hökumətin iqtisadiyyata dəstəyi ara verməməlidir.

Görünən odur ki, faizlərin yüksək olması iqtisadi inkişafa mənfi təsir göstərir.

  • “Xarici bankların kredit bazarına daxil olması təmin edilməlidir”

Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun sözlərinə görə, Azərbaycanda banklar kredit faizlərini aşağı salmaq istəmirlər: “Bunun obyektiv və subyektiv səbəbləri var. Başlıca səbəbi onunla bağlıdır ki, bizdə banklar yüksək faizlər hesabına daha çox qazanmaq istəyirlər. Onları maraqlandırmır müştəri bunu ödəyə bilər, yoxsa ödəyə bilməz. Bu, sahibkarlar üçün sərfəlidir, yoxsa sərfəli deyil. Təki tez və daha asan yolla qazanc əldə etsinlər. Əslində, biznes nə qədər çox kredit götürüb, nə qədər çox iş quracaqsa, nə qədər çox iş yeri açacaqsa, bu o dərəcədə faydalıdır. Pandemiya dönəmində dünya ölkələri, xüsusən inkişaf etmiş ölkələr faiz dərəcələrini xeyli aşağı saldılar. Hətta sıfıra yaxın faizlə kreditlər verdilər ki, iqtisadi canlanma yaransın. Azərbaycanda isə banklar, demək olar, buna getmədilər. Bəzi banklar çox cüzi şəkildə faizləri aşağı saldılar. Digər tərəfdən, bizdə uçot dərəcəsi 6 faizdən çoxdur. Yaxşı olardı ki, Mərkəzi Bank bunu 0-a endirsin. Başqa bir tərəfdən, MB bankları ucuz kredit resursları ilə təmin etməlidir. Xarici bankların kredit bazarına daxil olması təmin edilməlidir. Belə olarsa, o zaman faizlər bu dərəcədə yüksək olmaz”.

Bir sözlə, ekspert hesab edir ki, faizlərin aşağı salınması üçün kompleks tədbirlər görülməlidir.

Vidadi ORDAHALLI

Son xəbərlər