Azərbaycanda maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlər fərqli istiqamətlərdə dəyişir. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd olunur ki, mayın əvvəlindən dövlət qiymətli kağızlarının gəlirliyi azalıb, depozit və kredit faizlərində isə əhəmiyyətli dəyişiklik baş verməyib.
AMB qeyd edir ki, kreditlərə tələbin tədricən artması bəzi bank qrupları üzrə depozit və kredit faizlərinə artırıcı təsir göstərir.
Beləliklə, son zamanlar əhalinin kreditə olan tələbatı artıb. Kreditə tələb artdığı halda, banklar fürsəti əldən verməyərək faizləri endirmək əvəzinə, qaldırırlar. Ancaq xarici ölkələrdə isə kreditə tələb çox olarsa, faizlər aşağı salınır.
“Bir neçə iri bank var ki, onlar bank sektorunun 80 faizinə nəzarət edirlər”
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Mərkəzi Bankın məlum məsələ ilə bağlı son açıqlaması o deməkdir ki, bu qurum özünü məsuliyyətdən kənarlaşdırmaq istəyir: “Məlumdur ki, kreditlərə tələbat artırsa, Mərkəzi Bankın da üzərinə düşən öhdəliklər var. Məsələn, uçot dərəcəsinin aşağı salınması yolu ilə kommersiya banklarına daha ucuz kredit xətlərinin açılması barədə qərar verə bilərdi. Ancaq Mərkəzi Bank bunu etmədi deyə, Azərbaycanda kredit faizlərinin artmasının əsas səbəbini bankların üzərinə atdı.
Banklarda kredit faizinin artmasının səbəbi isə bank sektorunun böyük hissəsinin 5-6 bankın əlində olmasıdır. Bir neçə iri bank var ki, onlar bank sektorunun 80 faizinə nəzarət edirlər. Hətta onların arasında qeyri-rəsmi sövdələşmələr də var. Bu sövdələşmə həm depozit, həm də kredit faizləri ilə bağlı bazara öz istədiklərini diktə etməyə imkan verir.
Azərbaycanın bank bazarında xarici bankların iştirakı olsaydı, rəqabətli mühit geniş şəkildə təmsilçilik qazansaydı, o zaman bank faizlərində ucuzlaşma müşahidə edə bilərdik. Təəssüf ki, bizdə xarici bankların birbaşa Azərbaycan bank bazarına daxil olmasının qarşısında dayanan bəzi süni əngəllər var”.
Günel CƏLİLOVA