Bu ilin yanvar-may aylarında xarici müəssisə və təşkilatlar Azərbaycanda əsas kapitala 1 milyard 946,2 milyon manat vəsait yönəldiblər. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 % azdır.
Beşaylıq investisiya qoyuluşunun 1 milyard 752,5 milyon manatı (90 %-i) Böyük Britaniya, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Virgin adaları, Norveç, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.
Bu il ölkə iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi ötən illə müqayisədə azalıb. Ölkəyə xarici investisiyanın nə səbəbdən azalmasını öyrənmək məqsədilə iqtisadçı-ekspert Rəşad Həsənovla həmsöhbət olduq.
“...2016-cı ildən etibarən davamlı olaraq azalmağa başladı”
İqtisadçı R.Həsənov bildirdi ki, hazırkı şəraitdə iqtisadiyyata yatırılan xarici investisiyaların azalması gözlənilən idi: “Nəzərə almaq lazımdır ki, pandemiya biznesin təkrar investisiya etmək qabiliyyətini əhəmiyyətli dərəcədə aşağı salıb. Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun da bununla bağlı hesabatları var”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ölkəyə yatırılan birbaşa xarici investisiyaların həcmi 2016-cı ildən etibarən davamlı olaraq azalmağa başladı: “Xarici investisiyaların cəlb edilməsi ilə bağlı o qədər strategiyalar icra olundu ki… Sadəcə, nəticə olaraq, beynəlxalq reytinqlərimiz irəlilədi. Reallıqda isə vəziyyət bu cürdür. 2016-cı ildən sonra Azərbaycana birbaşa cəlb olunan xarici investisiyada hər il azalma baş verir. Bu hal xüsusilə qeyri-neft sahəsində müşahidə olunur. Hazırda ölkəmizdə neft sektoruna qoyulan investisiyaların azalması da müşahidə olunur. Bunun səbəbi neftin ucuzlaşması ilə bağlıdır. Həmçinin, bu sahədə əsas kapitala qoyulan işlərin həcminin azalması da müşahidə olunur. Layihələr çərçivəsində ölkəyə investisiyalar yatırılır”.
Günel CƏLİLOVA