Artıq işğaldan azad olunmuş torpaqlarda bərpa işlərinə başlanıb. Bu prosesdə həm yerli, həm də xarici dost ölkələrin şirkətləri iştirak edirlər. Bununla bağlı xarici ölkələrin şirkətləri ilə konkret əməkdaşlığa start verilib. Məlumdur ki, əksər xarici ölkə Qarabağın bərpasında iştirak etməyə, bu işdə ölkəmizə yardım etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Məlumdur ki, Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
Türkiyə şirkətlərinin Qarabağın bərpasında aktiv iştirakı da nəzərdə tutulur ki, bu da tez bir zamanda Qarabağın bərpasını və məcburi köçkünlərin ata yurdlarına geri dönüşünü mümkün edəcək faktorlardan biridir.
Qeyd etdiyimiz kimi, xarici şirkətlər, qardaş ölkə Qarabağın bərpasında maraqlıdır. Bəs yerli sahibkarların rolu bu mövzuda hansı səviyyədədir?
“...yerli şirkətlərlə yanaşı, xarici sahibkarlar da bu ərazilərin bərpasında maraqlıdırlar”
İqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə yerli şirkətlərlə yanaşı, xarici sahibkarlar da bu ərazilərin bərpasında maraqlıdırlar: “Məlumdur ki, bir sıra xarici ölkələr qələbənin ilk günündən belə Qarabağın bərpa prosesində iştirak etmək üçün müraciət etmişdilər. Eyni zamanda, Türkiyə də bu işdə fəal fəaliyyət göstərəcək. Ancaq hesab edirəm ki, Qarabağın bərpa işlərinin çoxunda Azərbaycan şirkətləri olmalıdırlar. Ön sırada yerli şirkətlərin olması daha önəmlidir. Nəzərə almaq lazımdır ki, bu, Azərbaycan iqtisadiyyatı üçün də vacibdir”.
Həmsöhbətimiz hesab edir ki, yerli orta sahibkarlar Qarabağın bərpa işlərinə cəlb olunmalıdırlar. Yerli şirkətlərə şərait yaradılmalıdır. Bu işdə məmurlar öz şirkətlərini önə çəkir və tenderlərdə açıq ədalətsizliklərə yol verirlər”.
Günel CƏLİLOVA